Monday, March 16, 2015

Balacaların xırda motorikası

Xirda motorikanın əhəmiyyəti barədə yəgin ki, bilirsiniz. Xırda motorika – uşaqların əl, barmaq işləkliyidir, əl-göz arasında olan koordinasiyadır, və hətta ağız və dil əzələləri də xırda motorikaya malikdir. Xüsusilə əllərin motorikası dilin, nitqin inkişafı ilə bağlıdır.

Uşaqların motorikası əlbəttə yaşlarına uyğun şəkildə inkişaf edir. Amma lap balacalıqdan onu daha çox inkişaf etdirməyin faydası var. Bunu sensor məşğələlər yolu ilə eləmək olar. Körpələrin ovuclarını, barmaqlarını astaca massaj etməkdə, sığallamaqla. Bir qədər sonra, əllərinin içinə müxtəlif ölçülü, müxtəlif formalı və səthli əşyalar qoymaqla. İpək, kətan, məxmər kimi parçaları onlara toxundurmaq. Daha sonra, məsələn, 7-10 ayında klassik piramida oyuncağını yığmağı təklif etmək (təbii ki balaca hələ piramidanın halqalarını ölçülərinə görə yığa bilməyəcək). Əslində adi məişət əşyalarından da istifadə etmək olar: məsələn, ölçü qabları, plastik stəkanları iç-içə yığmaq.

Uşaq sərbəst oturmağa və maye olmayan yeməklər yeməyə başlayandan sonra isə qabağına xırda doğranmış meyvə, tərəvəz qoyun, özü götürüb ağzına aparmağı öyrənsin. Kiçik qızımın 1 yaşı nar mövsümünə düşmüşdü. O-o, ən çox sevdiyi meyvə nar oldu, hətta ilk sözlərindən biri “nayyy” idi:) Bilmirəm, narın dadını və ya yeyilmə prosesini belə çox xoşlayırdı. Nar dənələrini özü yığıb ağzına qoyurdu, sonra isə istədi ki, dənələnmiş yox, açılmış amma hələ qabığında olan nar parçasından dənələri özü çıxartsın. Motorika və diqqəti saxlamaq çalışması! Daha yumşaq ərzaqdan başlamaq məsləhətdir, məsələn xırda doğranmış banan, pendir və ya xiyar.

1.5 yaş və daha yuxarı uşaqlar üçün bişməmiş dənlər, yarmaları da dənəmək olar. Təbii ki yemək yox, oynamaq məqsədilə. Böyük plastik konteynere quru düyü, lobya, kofe dənləri, və ya noxud və s. tökülür. Xırda qablar, qıf, qaşıqlar əlavə edilir və uşaq fantaziyalarına uyğun oynayır! Bəzən uşaqlar onların dadına da baxmağa çalışacaq. Bir neçə dəfə bunların yeməli olmadığını izah etmək lazımdır. DİQQƏT: kiçik uşaqlar dənlər, başqa xırda şeylərlə oynayarkən daim onlara nəzarət edin. Ağzına və ya burun deşiklərinə aparmasına yol verməyin. Həmçinin, bu tipli məşğələlər istər-istəməz sonda süpürgə və ya tozsoranın işə salınmasını tələb edəcək:) Bu cür oyunlara 4 yaşlı qızım da həvəslə qoşulur.

No comments:

Post a Comment