Saturday, March 28, 2015

İybilmə oyunu

Dünyanı, ətraf mühiti öyrənmək prosesi uşaqlarda fasiləsiz gedir. Bu proses təkcə bizim onlara dediyimiz sözlər, izah etdiyimiz şeylər, suallarına verdiyimiz cavablarla deyil, onların özlərinin hissləri vasitəsilə baş verir. Görmə, eşitmə kimi mühüm hisslərlə bərabər, dadbilmə, iybilmə, və toxunma – taktil hisslər də çox əhəmiyyətlidir, və sözlərlə özünü hələ ifadə edə bilməyən uşaqlar üçün daha da vacibdir. Bu hissləri inkişaf etdirmək üçün müxtəlif dadlar, iylər hiss etməyə imkan yaratmaq, kiçik əllərə gil, qum, palçıq, yarmalarla oynayaraq taktil hissiyyatı oyatmaq – bütün bunlar sensor oyunlara aiddir.

Bu günlərdə iybilmə ilə bağlı belə bir oyun oynadıq. Gözümüzü növbəylə şərf ilə bağlayaraq, mətbəxdə tapdığımız müxtəlif ərzaqları burnumuza yaxınlaşdırdıq. Gözləri bağlı olan onları bir-bir iynəyib, nə olduğunu tapmalı idi. Biz kofe dənləri, keşniş, xiyar, mandarin və çaydan istifadə etdik və çox əyləndik:)
1.5 yaşlı qızım oyunda belə iştirak etdi: yığdığımız ərzaqları o da iynədi və adlarını eşitdi (balacaların xırda əşlayarı burun deşiklərinə aparmamasına diqqət yetirin). Daha böyük uşaqlarla ədviyyatdan da istifadə etmək olar, və bir yerdə müxtəlif ədviyyat adlarını öyrənmək olar. 

No comments:

Post a Comment