Sunday, April 26, 2015

Gəzintidə necə əylənirik?

Gəzintiyə çıxmaq günümüzün ən maraqlı məqamlarından biridir. Əlbəttə hava çox yağışlı və ya küləkli olanda evdə qalmalı oluruq... Amma bütün başqa günlərdə gəzməyə çıxırıq!

Təəssüf ki, şəhərimizdə uşaq meydançalarının qıtlığı var. Nəinki hər həyətdə, heç hər məhəllədə, və ya parkda da uşaq meydançası yoxdur. Meydança deyəndə mən attraksion, və ya batareya ilə işləyən maşınları nəzərdə tutmuram – məncə, bunların uşağın fiziki inkişafına heş bir xeyri yoxdur...
Gəzintiyə getməkdə isə məqsədimiz əlbəttə ki fiziki cəhətdən bərkimək, enerjimizi sərf etmək, hava almaq və ətraf mühiti öyrənməkdir. Hə, daha bir məqsədimiz odur ki, mühitimizi dəyişək, bunun həm analara, həm balalara xeyri var:)

Biz sözlə, gəzintiləri xoşlayırıq. Təbii ki, dırmaşmaq, sürüşmək, yellənmək üçün, hətta qumla oynamaq üçün şərait olan bir meydança varsa, uşaqlar orda özləri əylənəcəklər. Amma bunlar olmayanda da gəzintini maraqlı etmək olar.
1. Təbiəti izləmək. Ağaclar necə görünür? Yarpaqları var ya yox, və nə rəngdədir? Fəsillər haqqında danışmaq olar.  Bəs göy üzü necədir? Hansı həşəratlar görünür, onlar neynəyir? Biz qarışqa yuvalarını izləməyi çox xoşlayırıq. Bununçün özümüzlə lupa götürürük. Quşları da izləmək (və yedizdirmək) maraqlıdır.
2. Yaradıcı işlər üçün materiallar toplamaq. Evdə plastilin, yapışqan, başqa vəsaitlə nəsə düzəltmək, boyamaq üçün yarpaq, çubuqlar, qozalar, gilələr, və s. yığmaq olar.
3. Piknik etmək. Özünüzlə balaca süfrə, plastik qablar, stəkanlar götürün. İsti havada uşaqlar otun üstündə də otura bilər (parklarımızda böyüklərə bu qadağan olunsa da, uşaqların oturmağına adətən göz yumurlar). Özünüzlə gətirdiyiniz meyvə və başqa yeməkləri düzün, uşaqlar piknik etsin.
4. Təbaşirlə şəkil çəkmək. Oyuna təbii materiallar da qatıb, nağıl yaradmaq olar. (Bəzi “dəbdəbəli” parklarda təbaşirlə çəkməyə icazə vermirlər:( Əvəzində kağız/qələm də götürmək olar, uşağa gördüklərini çəkməyi təklif etmək)
5. İşarələri öyrənmək. Yol hərəkəti nişanlarını, küçələrdə olan başqa işarələri başa düşmək məktəbəqədər uşaqları oxumağa hazırlaşdırır.
6. Hərəkətli olmaq. Top götürürük, velosiped, skuter və s. Qaçtutdu, qizlənpaç, başqa oyunlar oynayırıq.
7. Məhəllənizi kəşf etmək. Biz gəzərkən məhəlləmizdə zoologiya muzeyini, balıq və quş sərgisini, saat qülləsini və bir çox başqa maraqlı yerləri özümüz üçün tapdıq.
Səslərə qulaq asmaq...Ətrafda baş verənləri izləmək...Bəzən bu da kifayətdir.

Şəhərdə yaşayanların kəskin vitamin N (nature) çatışmamazlığı var:) Sübut olunub ki, qısa park gəzintisindən sonra hamı üçün, hətta diqqət azlığı sindromu olan uşaqlar üçün da konsentrə olmaq, diqqəti toplamaq daha asandır.

 Ona görə havaya çıxaq!

Thursday, April 23, 2015

ABUNƏ OLUN

Əziz oxucularımız, yeni postlar barədə xəbərdar olmaq üçün sağ tərəfdəki Follow by Email düyməsindən istifadə edin. Öz emailınızı daxil edərək hər yeni yazını elektron poçtunuz vasitəsilə ala bilərsiniz.

Dəniz fənəri (Lighthouse)

Bu gün qızımın yeni kitablarından birində dəniz fənəri barədə oxuduq. Mumi-troll ailəsi dəniz fənəri qülləsinə köçür. M-nin dəniz fənəri barədə çoxlu sualları var idi. Bu suallara cavabları internetdə birlikdə axtardıq. Əvvəlcə google images (şəkillər) axtardıq, çoxlu gözəl dəniz fənərlərini tapdıq.  Sonra wikipedia-da dəniz fənərləri barədə maraqlı şeyləri oxuyub M-nə danışdım. Məsələn, müasir dəniz fənərlərində artıq baxıcılar olmur, onlara ehtiyac yoxdur. Və yeni fənərlərin dizaynı da tamam başqa cürdür. Sonra bu videoya baxdıq. Bu videoda boş qalmış fənərin görüntüləri qızıma çox təsir etdi, bir az kədərləndiyini də dedi.

Sonra dəniz fənərini çəkməyə çalışdı.

Axırda bir yerdə dəniz fənərini tikməyə cəhd etdik. 

Bir gün əsl bir dəniz fənərinə ekskursiya etmək istərdik. Ən yaxınlıqdakı Abşeron mayakına (Gürgən, Pirallahı yolunda) getmək istəyik, amma bir neçə il bundan əvvəl orada olanda içəri girmək mümkün olmayıb. Siz necə, orada olmusunuzmu?   

Tuesday, April 21, 2015

Yaradıcılıq guşəsi

Evinizin balaca bir yerini yaradıcılıq guşəsinə çevirin. Burada uşağın nə vaxt istəsə incəsənət ilə məşğul olmağı üçün hər şey hazır olur.
Bizim sənət guşəmizdə nələr olur?
  • Şəkil çəkmək üçün:  rəngli qələmlər, karandaşlar, firça və boyalar, flomasterlər, ağ albom kağızı və ya bloknot.
  • Düzəltmək üçün: plastilin və onunla işləmək üçün alətlər, yapışqan, rəngli kağız, rəngli çubuqlar
  • Təbii materiallar: gəzinti vaxtı yığdığımız çubuqlar, qozalar, yarpaqlar, qurumuş meyvələr və s.
  • Bəzən istifadə etdiyimiz materiallar: toxumaq üçün rəngli saplar, pambıq, parçalar, sarı özü-yapışan kağızlar (post-it) və s.

Bunların hamısını həmişə qoymuruq, vaxtaşırı bəzi materialları başqaları ilə əvəz edirik. Məsələn, nəyəsə maraq itdikdə, onu gizlədib, 2-3 həftədən sonra yenə təqdim edirik.

Yaradıcılıq guşəmiz daim dəyişir. Əvvəllər o alçaq masada, qızların otağında idi. Kiçik qızım gəzməyə başlayandan sonra, onun yerini dəyişməli olduq, və qonaq otağına, daha hündür masaya keçirtdik. Bəzən böyük qızım materialları mətbəxə gətirib orada nəsə çəkir, düzəldir. 

Guşənin harda olmasının fərqi yoxdur, əsas məqsəd odur ki, nəsə yaratmaq istəyəndə, həmişə səliqəli və "dəvət edən"  yer olsun. İşini qurtaranda da səliqə ilə hər şeyi yerinə yığmağı xatırladın.