Sunday, April 26, 2015

Gəzintidə necə əylənirik?

Gəzintiyə çıxmaq günümüzün ən maraqlı məqamlarından biridir. Əlbəttə hava çox yağışlı və ya küləkli olanda evdə qalmalı oluruq... Amma bütün başqa günlərdə gəzməyə çıxırıq!

Təəssüf ki, şəhərimizdə uşaq meydançalarının qıtlığı var. Nəinki hər həyətdə, heç hər məhəllədə, və ya parkda da uşaq meydançası yoxdur. Meydança deyəndə mən attraksion, və ya batareya ilə işləyən maşınları nəzərdə tutmuram – məncə, bunların uşağın fiziki inkişafına heş bir xeyri yoxdur...
Gəzintiyə getməkdə isə məqsədimiz əlbəttə ki fiziki cəhətdən bərkimək, enerjimizi sərf etmək, hava almaq və ətraf mühiti öyrənməkdir. Hə, daha bir məqsədimiz odur ki, mühitimizi dəyişək, bunun həm analara, həm balalara xeyri var:)

Biz sözlə, gəzintiləri xoşlayırıq. Təbii ki, dırmaşmaq, sürüşmək, yellənmək üçün, hətta qumla oynamaq üçün şərait olan bir meydança varsa, uşaqlar orda özləri əylənəcəklər. Amma bunlar olmayanda da gəzintini maraqlı etmək olar.
1. Təbiəti izləmək. Ağaclar necə görünür? Yarpaqları var ya yox, və nə rəngdədir? Fəsillər haqqında danışmaq olar.  Bəs göy üzü necədir? Hansı həşəratlar görünür, onlar neynəyir? Biz qarışqa yuvalarını izləməyi çox xoşlayırıq. Bununçün özümüzlə lupa götürürük. Quşları da izləmək (və yedizdirmək) maraqlıdır.
2. Yaradıcı işlər üçün materiallar toplamaq. Evdə plastilin, yapışqan, başqa vəsaitlə nəsə düzəltmək, boyamaq üçün yarpaq, çubuqlar, qozalar, gilələr, və s. yığmaq olar.
3. Piknik etmək. Özünüzlə balaca süfrə, plastik qablar, stəkanlar götürün. İsti havada uşaqlar otun üstündə də otura bilər (parklarımızda böyüklərə bu qadağan olunsa da, uşaqların oturmağına adətən göz yumurlar). Özünüzlə gətirdiyiniz meyvə və başqa yeməkləri düzün, uşaqlar piknik etsin.
4. Təbaşirlə şəkil çəkmək. Oyuna təbii materiallar da qatıb, nağıl yaradmaq olar. (Bəzi “dəbdəbəli” parklarda təbaşirlə çəkməyə icazə vermirlər:( Əvəzində kağız/qələm də götürmək olar, uşağa gördüklərini çəkməyi təklif etmək)
5. İşarələri öyrənmək. Yol hərəkəti nişanlarını, küçələrdə olan başqa işarələri başa düşmək məktəbəqədər uşaqları oxumağa hazırlaşdırır.
6. Hərəkətli olmaq. Top götürürük, velosiped, skuter və s. Qaçtutdu, qizlənpaç, başqa oyunlar oynayırıq.
7. Məhəllənizi kəşf etmək. Biz gəzərkən məhəlləmizdə zoologiya muzeyini, balıq və quş sərgisini, saat qülləsini və bir çox başqa maraqlı yerləri özümüz üçün tapdıq.
Səslərə qulaq asmaq...Ətrafda baş verənləri izləmək...Bəzən bu da kifayətdir.

Şəhərdə yaşayanların kəskin vitamin N (nature) çatışmamazlığı var:) Sübut olunub ki, qısa park gəzintisindən sonra hamı üçün, hətta diqqət azlığı sindromu olan uşaqlar üçün da konsentrə olmaq, diqqəti toplamaq daha asandır.

 Ona görə havaya çıxaq!

No comments:

Post a Comment