Tuesday, January 19, 2016

Ekskursiya: QOBUSTAN MİLLİ PARKI

Küləkli, tutqun bir gündə Qobustana yollandıq. Bakını tərk edən kimi, hava açıldı, gün çıxdı. Qobustanda əvvəl olsam da, təzə tikilmiş muzeydə olmamışdım, uşaqlar üçün isə birinci dəfə idi.

Bazar günü olmasına baxmayaraq, ziyarətçilərin sayı çox az idi. Əvvəlcə muzeydə olduq. Muzey qayaüstü rəsmlərdən bir qədər aralıdır, oraya baxdıqdan sonra maşınla qayalara baxmağa getdik.  
Muzeyin binası bir günbəzdən ibarətdir, içərisində isə uşaqlar (və böyüklər) üçün maraqlı bir sərgi vardır.  Buna dünyada mövcud olan digər qayaüstü rəsm məkanları, Qobustanın minilliklər ərzində dəyişən iqlimi, həmçinin nə vaxtsa burda yaşamış heyvan və ibtidai insan fiqurları, ərazidə tapılmış qədim əşyalar, qayaüstü rəsmlərin elementləri və mənası və s. daxildir. 


Öyrəşdiyimiz statik, darıxdırıcı muzey eksponatlardan fərqli olaraq, burada uşaqlar üçün interaktiv, multimediayı, əl vurula bilən və onların səviyyəsində yerləşdirilmiş əşyalar çoxdur:  qayaüstü rəsmlərdəki heyvanlardan ibarət olan pazl, içində keçidi olan kiçik mağara, döşəmədə rəqs edən heyvan və ovçu rəsmləri, barmaqla şəkil çəkilə bilən monitor, və digərləri. Muzeyin işçiləri bütün suallarımıza məmnuniyyətlə cavab verdilər.




 Muzeyə baxdıqdan sonra üz tutduq qayalara. Kiçik uşaqlarla gəlsəniz, yəgin ki yayda gəlmək məsləhət deyil, çünki ilanlar barədə xəbərdarlıq işarələrini gördük. Soyuq aylarda ilanlar adətən passiv olur.  Qayaüstü rəsmlərin yaratdığı təəssürata əlavə, qayalardakı qeyri-adi sakitlik, və dənizə açılan möhtəşəm mənzərə adamı valeh edir. Uşaqlara qayaların arasındakı çığırla gəzib rəsmləri tapmaq ləzzət elədi. Muzeyin işçiləri bildirdi ki, yaxınlıqda fəal palçıq vulkanları da vardır. Qərara gəldik ki, növbəti səfərimizdə onlara baş çəkək.
Bir sözlə, uşaqlar və böyüklər üçün çox mənalı bir səyahət oldu. Getsəniz, nəzərə alın ki, parkda heç bir kafe və ya bufet yoxdur. Lakin özünüzlə yemək gətirsəniz, açıq havada, üstü örtülü yerdə olan masa və oturacaqlardan istifadə edə bilərsiniz. Qobustan Milli Parkının uşaqlara mehriban olması: 5 bal.