Küləkli, tutqun bir
gündə Qobustana yollandıq. Bakını tərk edən kimi, hava açıldı, gün çıxdı.
Qobustanda əvvəl olsam da, təzə tikilmiş muzeydə olmamışdım, uşaqlar üçün isə
birinci dəfə idi.
Muzeyin
binası bir günbəzdən ibarətdir, içərisində isə uşaqlar (və böyüklər) üçün maraqlı bir sərgi vardır. Buna dünyada
mövcud olan digər qayaüstü rəsm məkanları, Qobustanın minilliklər ərzində dəyişən
iqlimi, həmçinin nə vaxtsa burda yaşamış heyvan və ibtidai insan fiqurları, ərazidə
tapılmış qədim əşyalar, qayaüstü rəsmlərin elementləri və mənası və s. daxildir.
Öyrəşdiyimiz statik, darıxdırıcı muzey eksponatlardan fərqli olaraq, burada
uşaqlar üçün interaktiv, multimediayı, əl vurula bilən və onların səviyyəsində yerləşdirilmiş əşyalar çoxdur: qayaüstü rəsmlərdəki heyvanlardan ibarət olan
pazl, içində keçidi olan kiçik mağara, döşəmədə rəqs edən heyvan və ovçu rəsmləri,
barmaqla şəkil çəkilə bilən monitor, və digərləri. Muzeyin işçiləri bütün
suallarımıza məmnuniyyətlə cavab verdilər.
Muzeyə baxdıqdan sonra üz tutduq qayalara. Kiçik uşaqlarla gəlsəniz, yəgin ki yayda gəlmək məsləhət deyil, çünki ilanlar barədə xəbərdarlıq işarələrini gördük. Soyuq aylarda ilanlar adətən passiv olur. Qayaüstü rəsmlərin yaratdığı təəssürata əlavə, qayalardakı qeyri-adi sakitlik, və dənizə açılan möhtəşəm mənzərə adamı valeh edir. Uşaqlara qayaların arasındakı çığırla gəzib rəsmləri tapmaq ləzzət elədi. Muzeyin işçiləri bildirdi ki, yaxınlıqda fəal palçıq vulkanları da vardır. Qərara gəldik ki, növbəti səfərimizdə onlara baş çəkək.
Bir sözlə,
uşaqlar və böyüklər üçün çox mənalı bir səyahət oldu. Getsəniz, nəzərə alın ki,
parkda heç bir kafe və ya bufet yoxdur. Lakin özünüzlə yemək gətirsəniz, açıq
havada, üstü örtülü yerdə olan masa və oturacaqlardan istifadə edə bilərsiniz. Qobustan
Milli Parkının uşaqlara mehriban olması: 5 bal.
No comments:
Post a Comment