Tuesday, August 2, 2016

Daş və güllərlə sadə fəaliyyətlər

Siz də bizim kimi daşlar və güllərin bol olduğu yerdə tətil edirsinizsə, bu sadə yay fəaliyyətini uşaqlarla asanlıqla qura bilərsiniz.
Birincisi, yol boyu (bunu çay və dəniz sahilində də etmək olar) gəzişərkən forma və rənglərinə görə maraqlı görünən daşları seçib topladıq.

İkincisi, bunları yuyaraq, bozumtul görünən daşların gözəl çalarlarını aşkar etdik.
Sonra qızlara daşları böyükdən balacaya sıra ilə düzməyi təklif etdim. Kiçik qızım üçün bu tapşırıq daha çətin oldu və bunu birlikdə etdik. Beləliklə riyaziyyatın təməllərini – müqayisə, kiçik – böyük, bərabər anlayışlarını əhatə etdik.
Daha sonra oxşar rəngi olan daşları qruplara ayırdıq. Onu da deyim ki, böyük qızım bu işi məndən daha yaxşı gördü.


Rəng qruplarını ayırdıqdan sonra, qızlara dedim: “Görəsən daşların rənginə uyğun gül, yarpaq və ya ot tapa bilərik?” Və yollandıq gül yığmağa. Bu da nəticə:


Sıralama,  qruplara ayırma, uyğunlaşdırma məktəbə qədər yaşlı uşaqlarda riyazi anlayışın əsaslarını qoyur, əşyaların həm oxşar, həm fərqli olduğunu, və müəyyən cəhətlərə görə qruplaşdırıla bildiyini öyrədir. Bu uşaqların daha düzənli düşünmək, qərar qəbul etmək,  bir iş üzərində konsentrə olmaq qabiliyyətini inkişaf etdirir.


Daşlarla olan fəaliyyətimiz həm də sensor inkişafa kömək edir: daşlara toxunaraq onların müxtəlif səthlərini hiss etmək (hamar, qabarıq, yastı, yumru, iti və s.), su dəydikdə bu səthlərin necə dəyişdiyini müşahidə etmək, görmə və rəngləri seçmək, güllərin köməyi ilə isə iybilmə və digər hisslərin işə düşməsi.