Siz də
bizim kimi daşlar və güllərin bol olduğu yerdə tətil edirsinizsə, bu sadə yay fəaliyyətini
uşaqlarla asanlıqla qura bilərsiniz.
Birincisi,
yol boyu (bunu çay və dəniz sahilində də etmək olar) gəzişərkən forma və rənglərinə
görə maraqlı görünən daşları seçib topladıq.
İkincisi,
bunları yuyaraq, bozumtul görünən daşların gözəl çalarlarını aşkar etdik.
Sonra
qızlara daşları böyükdən balacaya sıra ilə düzməyi təklif etdim. Kiçik qızım
üçün bu tapşırıq daha çətin oldu və bunu birlikdə etdik. Beləliklə riyaziyyatın
təməllərini – müqayisə, kiçik – böyük, bərabər anlayışlarını əhatə etdik.
Daha
sonra oxşar rəngi olan daşları qruplara ayırdıq. Onu da deyim ki, böyük qızım bu
işi məndən daha yaxşı gördü.
Rəng
qruplarını ayırdıqdan sonra, qızlara dedim: “Görəsən daşların rənginə uyğun
gül, yarpaq və ya ot tapa bilərik?” Və yollandıq gül yığmağa. Bu da nəticə:
Sıralama, qruplara ayırma, uyğunlaşdırma məktəbə
qədər yaşlı uşaqlarda riyazi anlayışın əsaslarını qoyur, əşyaların həm oxşar, həm
fərqli olduğunu, və müəyyən cəhətlərə görə qruplaşdırıla bildiyini öyrədir. Bu uşaqların daha düzənli düşünmək, qərar qəbul etmək, bir iş üzərində konsentrə olmaq qabiliyyətini inkişaf
etdirir.
Daşlarla
olan fəaliyyətimiz həm də sensor inkişafa kömək edir: daşlara toxunaraq onların
müxtəlif səthlərini hiss etmək (hamar, qabarıq, yastı, yumru, iti və s.), su dəydikdə
bu səthlərin necə dəyişdiyini müşahidə etmək, görmə və rəngləri seçmək, güllərin
köməyi ilə isə iybilmə və digər hisslərin işə düşməsi.
No comments:
Post a Comment