Tuesday, March 10, 2015

Salam! Bloqumuza xoş gəlmisiniz.

Biz anayıq. Və ana olmaq həyatımızı tamamilə dəyişdirib. Bu vaxta qədər ağlımıza gəlməyən şeyləri düşünürük. İndiyə kimi heç eləmədiklərimizi edirik. Və onun bütün gözəlliyini hiss etməyə can atırıq. Hər gün, hər dəqiqə, hər an. Bu gözəlliyi paylaşdıqca həyatımız daha da gözəl olur.

Biz anayıq. Ana olmağın çətinliyini ana olandan əvvəl heç təsəvvür edə bilməzdik. Bir insan yetişdirmək məsuliyyəti! Bu çətinliyin öhdəsindən gəlməyin bir yolu bir-birimizdən öyrənmək, “şəbəkənin” bir hissəsi olmaq, paylaşmaqdır.
Biz inanırıq ki, uşaq anadan olduğu ilk andan bir şəxsiyyət kimi inkişaf etməyə başlayır. İlk ağlamağı, ilk gülməyi kiçik insanın unikallığını, özünəməxsus xasiyyət və təbiətə malik olduğunu bildirir.

Bu insana ilk andan qoyduğumuz zəhmət, həsr etdiyimiz zaman, səsimizin tonu, üzmüzün ifadəsi, hər şey, hər şey nə vaxtsa öz nəticəsini verəcək. İlk illər - ən əhəmiyyətli illərdir. Sonra nəyisə dəyişmək çox çətin olur!

Biz kimik?
Bakıda yaşayan analar. Uşaqlarımızın yaşı – 5-dən 1-ə kimi. Maraqlarımız - ən müxtəlif. Həmçinin gördüyümüz işlər, ixtisasımız və s.

Ana olmaqla bərabər, Kabalaka inkişaf mərkəzində çalışırıq. Bu bloqda həm də ordakı təcrübəmiz də öz yerini tapacaq.

Bu bloqu niyə başladıq?
Analıq, valideynlik təcrübəmizi bölüşmək üçün. Bu təcrübə kiminsə üçün faydalı ola bilər. Kimsə onu təkrar etmək istəyəcək. Kimsə ona uyğun olmadığını düşünəcək. Amma yenə də oxusa, maraq göstərsə bizim üçün yetər. Biz bildiklərimizi, öyrəndiklərimizi, oxuyub-gördüklərimizi paylaşmaq istəyirik. Hər gün yaşadıqlarımızı paylaşmaq istəyirik. Çünki özümüz də kiminsə paylaşmasından bəhrələnirik.
Bildiyimiz qədər, Azərbaycan dilində uşaq inkişafına həsr olunmuş birinci bloqdur. 

Nə yazacayıq?
Ana olmağa, erkən uşaq inkişafına, qidalanmaya, fiziki inkişafa,  və s. aid olan hər şey. Uşağınızla evdə (və ya bağçada, məktəbdə) məşğul olmaq üçün ideyalar.  Sadə və ucuz vəsaitlə nələr yarada bilərsiniz. Yaradıcılıq, inkişaf üçün kiçik layihələr. Tərbiyə fəlsəfəsi və sairə!

Nə gözləyirik?

Maraqlı anlarımızın gündəliyini.

Oxucularımız fəallığını.

Şəbəkənin böyüməsini.

Bizimlə həmfikir olan, ilk illərin ən qiymətli olmasına inananların sayının artmasını.

No comments:

Post a Comment