Thursday, September 24, 2015

Nağılların "Canlandırılması"

Oxuduğumuz kitabları, nağılları daha maraqlı, yaddaqalan və kreativ etmək üçün onları müxəlif  yollarla “canlandırırıq”. 
Bir yol, oxuduqlarımızı kağızda təsvir etməkdir – yəni, şəkil çəkmək. 
Digər üsul oyuncaqlar, məişət əşyaları vasitəsilə nağılı səhnələşdirmək. 
Başqa bir üsul isə - plastilin, təbii materiallar, kağız, yapışqan, skotç lent vasitəsilə kitabdakıları yaratmağa çalışmaq.  Bütün bu üsullar uşaq fantaziyasının, təxəyyülün inkişafına yardım edir, özünü ifadə etməyin müxtəlif yollarını göstərir.


Qızımla “Düyməcik” baletinə baxmağı planlaşdırmışdıq. Bir neçə gün əvvəl hazırlığa başladıq. Nağılı birlikdə oxuduq. Sonra onu qurmağa çalışdıq. Bu, süjeti daha yaxşı yadda saxlamağa yardım etdi.

“Stickman” (“Çubuq-adam”) kitabı isə yaradıcılıq üçün daha da çox ilhamverici idi.

Siz də kitab oxuyarkən onu birgə “canlandırmağı” təklif edə bilərsiz. Məsələn, hamıya tanış olan “Turp” nağılı. Balacanızdan soruşun: baba kim olsun? Bəs nənə? Yəgin ki, uşağınız oyuncaq it, pişik, siçan tapa bilər, və yaxud əvəzində başqa heyvan fiqurlardan istifadə edə bilər. Bəs turp nə olsun? Bəlkə əsl turp ola bilər? Və ya onu parçadan düzəldə, kağızdan kəsə bilər? Bir neçə gündən sonra isə nağıl üzrə şəkil çəkməyə, daha sonra isə plastilindən onu qurmağa dəvət edə bilərsiz.

Tuesday, September 1, 2015

"MƏSTANIN BALALARI"

Uşaqlara lap körpəlikdən kitab oxumaq vacibdir. Sübut olunub ki, balacalıqdan kitab dinləyən uşaqlar yazıb-oxumağı daha asanlıqla öyrənir, məktəbdə daha yaxşı oxuyur və özləri kitab oxumağa həvəsli olur. Birlikdə kitab oxumaq həm də uşaqlarda danışıq qabiliyyətini inkişaf etdirir,  diqqəti cəlb etməyə alışdırır, və onlara çoxlu yeni şeylər öyrədir. Bu, həm də məşğul gündəlik həyatımızda balamızla bir yerdə keçirdiyimiz sakit bir vaxtdır.

Balacalara kitabları necə oxumaq məsləhətdir?

  • Uşağın yaşı nə qədər azdırsa, bir o qədər qısa və içində şəkilləri çox olan kitablar seçmək.
  • Oxunuzu canlandırmaq. Məsələn: heyvanların səsi ilə “danışmaq”, maşın, qatar səsləri çıxartmaq, emosiyaları canlı olaraq göstərmək
  • Yavaş- yavaş oxumaq. Sual verməyə imkan vermək və onlara cavab vermək.
  • Özünüz də sual verin. Məsələn: “Səncə sonra nə oldu? Səncə niyə belə elədi?” və sairə.
  • Uşağınızın seçdiyi kitabları oxumaq, hətta eyni kitabı tez-tez oxumaq istəsə belə.
  • Kitabları uşağınızın əli çatan bir yerdə, cəlbedici tərzdə yığmaq. Hətta “oxu guşəsini” da yaratmaq olar.
  • Hər gün kitab oxumaq üçün günün müəyyən vaxtını ayırmaq, məsələn, yatandan əvvəl.
Nağılların “canlandırılması” barədə gələn postlarda yazacağam. Hələlik isə balacalara bir şeir oxuyun:)

Nigar Rəfibəyli (Rəssam: Nazim Babayev)

MƏSTANIN BALALARI

Sevil bağa köçəndə
Məstanı da apardı,
Bağı görəndə Məstan
Gör nə tufan qopardı...

Gah ağaca dırmaşdı,
Gah divara dırmaşdı,
Gah damın üstə çıxdı,
Gah da çəpəri aşdı...
               
Qovdu ağ kəpənəyi,
Yoldu otu, çiçəyi...
Kərtənkələ, qurbağa
Qaçırdı sola-sağa,

Qarışqa dalında yük
Daşıyırıdı yuvaya,
Gedirdi qarayürük
Elə bil ki , davaya...
Məstan təzə yerlərdə
Özünə yurd salmışdı,
Üç balası zənbildə
Yaddan çıxıb qalmışdı...
 
Gəzirdi həvəs ilə
Məstan evi, eşiyi,
Gözünə ilişəndə
Hərdən siçan deşiyi,
Marıtlayıb dururdu
Deşiyin qabağında,
Görün bir nələr vardı
Sevilgilin bağında.

Havada uçur arı,
Şütüyür kərtənkələ;
Tullanırdı qurbağa
Suyun yanında hələ...
Məstanın üç balası
Şirxan, Tərxan və Orxan
 Zənbildən baş qaldırıb
Miyoldayırdı yaman...

Məstan atıldı, düşdü,
Oynaq  ladı doyunca,

Qaçdı xiyabanları
Qaçdı lap bağ boyunca...
Qaçdı, oynadı, qaçdı
Hey sevinə-sevinə,
Bura heç bənzəmirdi
Axı, şəhər evinə,
Hər yan açıq, bağ-bağat
Burda başqaydı həyat.                                

Məstan hey oynayırdı
Birdən duruxub durdu...
Gördü düşməni sərçə
Oturubdur budaqda...
Suyu çoxdan qurumuş
Bir quyu vardı bağda.
Məstan tez atıldı ki,
Qalxıb sərçəni tutsun,
Ağacda cik-cik edən
Sərçəni boğub udsun...

Ancaq mayallaq aşıb,
Özü quyuya  düşdü.
Qaranlıqda qorxudan
Onun qanı uyuşdu...
Quyuda hər yan qara,
Bir qaranlıq çökmüşdü
Elə bil divarlara...

Məstan lal-cim dayandı...
Qorxdu, ürəyi yandı...
Sevil gördü bu halı,
Qışqırdı bərkdən Sevil.
Quyuya Məstan deyil,

Özü düşdü elə bil...
- Gəlin, gəlin, ay aman,
Quyuya düşdü Məstan...

-Az atılıb-düşəydi, -
Deyə deyindi nənə,
Ürəyində acıdı
Ancaq Məstana yenə.

Yığıldılar qonşular
Hamı quyu başına,
Bir kəndir bağladılar
Lap quyunun daşına.
Kəndirin də ucuna
Bağladılar bir zənbil,
Zənbilə ət və çörək
Qoyub salladı Sevil...
Salladı ki, quyuya-
Məstan yeməyi görcək
Zənbilə girsin guya...

Lakin Məstan baxmadı
Zənbildəki şeylərə,
Bir məsləhət verirdi
Quyu başında hərə...
Sevil xeyli səslədi
Çox çağırdı Məstanı,
Məstan isə elə bil
Unutmuşdu dünyanı...

Nə çörəyə, nə ətə
Gözlə baxmırdı Məstan....
Nənə yerindən qalxıb
Yaxın gəldı bu zaman,
Pişik balalarını
Həmən zenbilə yığdı...
Şirxan, Tərxan və Orxan
Hamı bir yerə sığdı...

Salladılar yenidən
Quyuya bu zənbili,
Elə bil ki, Məstanın
Birdən açıldı dili.
Balalarını gördü,
Cumub zənbilə girdi...
Elə bil ki, yadından
Çıxdı bayaqkı dərdi...
Körpələri yaladı,
Miyoldadı o ki var...

Bu zaman yuxarıdan
Kəndiri tez dartdılar
Çıxartdılar Məstanı,
Yanında balaları...
Gördü Sevili Məstan,
Atıldı ona sarı.
Ana, bala pişiklər,
Hey yalaşıb doydular,
Kor quyunun ağzına
Uşaqlar daş qoydular.