Tuesday, October 20, 2015

YARADICILIQ PROSESİ

Rəsmə, sənət kurslarına gedən uşaqların yanlarında müəllim, əllərində eyni cür rəsm və ya başqa sənət əsəri olan fotolarını görəndə özümə sual verirəm – görəsən bu uşaqlar belə məşğələlərdən nə qazanır? Çox güman ki müəllim, sanki trafaretlə çəkilmiş bu şəkillərin originalını qabaqlarına qoyub, hər uşağın əlindən tutub, və ya elə özü şəkilin bir hissəsini çəkib. Nəticədə daim inkişafda olan, öyrənən uşaq beyni nə mənimsəyib? Onu ki, gözəl şeyləri “kopiya” etmək, başqalarının əli ilə yaratmaq olar, və ya, əvvəldən axıra kimi özünün gördüyü iş “standarta” uyğun deyil, kifayət qədər gözəl deyil? Və yaxud da ki, başqalarından seçilmək olmaz, hamının işi eyni olmalıdır? Bəlkə də, onu ki, əsas müəllim və ya ana-ataya göstərməyə gözəl bir “məhsul” olsun, başqaların onu bəyənsin?

Əslində isə uşaqların sənətlə məşğul olmasında məqsədlər tamam fərqlidir. Bunlar, fantaziyanın inkişafı, yaradıcı düşünmə qabiliyyəti, özünü ifadə, birlikdə işləmək, yaratmaq bacarıqları və sairədir. Sənət uşaqlara müstəqil düşünmək, qeyri-standart yanaşmaq, işini planlaşdırmağı öyrədir, motorikanı inkişaf etdirir. Müəllimin birbaşa müdaxiləsi, göstərişi altında standart “sənət” işləri yaradılan dərslərdə bunlara nail olmaq mümkündürmü? Bəlkə də ona görə,orta məktəbi bitirənlərin əksəriyyətində sadə rəsm bacarıqları olmur.
Küləkli havada ailəmiz gəzintidə. M. 5 yaş
Reggio yanaşmasına görə, uşaq sənətində əsas nəticə, məhsul deyil, yaradıcı prosesdir.Bu prosesdə uşaq nə çəkəcəyini, yaradacağını özü düşünür, xəyal edir, sonra əlində olan materiallardan necə istifadə edəcəyini fikirləşir, rəngləri, formaları, olçüləri, rəsmin kağızda yerini özü seçir, bir sözlə, sənət vasitəsilə öz “hekayəsini” danışır. Kiminsə əsərini “kopiya” eləməklə bunun fərqini görürsünüzmü?

Məhz buna görə, biz boyama kitablarından da istifadə etmirik. Boyama kitabları uşağın yaradıcılığı, fantaziyasının inkişafına yardım etmir, əksinə, onu “çərçivə”, bəlli sərhədlər içində düşünməyə öyrəşdirir.

Əlbəttə, hər bir valideyn üçün xoş olur ki, övladı dərsdən çıxıb ona “yaratdığı” kamil, gözoxşayan bir rəsm əsərini bağışlasın. Amma düşünün: bu rəsmin ideyası nə dərəcədə sizin uşağınıza aiddir? Bəs işlənməsi?

Uşaqlarda lap erkəndən yaradıcılığı inkişaf etdirmək üçün ən-ənəvi rəsm dərslərinə, boyama kitablarına ehtiyac yoxdur. İlham almaq üçün birlikdə sərgi salonlarına, muzeylərə gedib, sənət albomlarına baxmaq olar. Əsas isə yaradıcılığa dəvət etmək, onun üçün şərait yaratmaqdır. Uşağınızın qabağına ağ kağız, karandaş, boya, flomaster və ya digər vəsait qoyun. İşinə qarışmadan, qoyun istədiyini kimi, düşündüyü kimi əsər yaratsın. İşini yarımçıq qoyub, masadan ayrılan kimi materialları yığışdırmayın. Qoyun o yaradıcıq guşəsində qalsın. Müəyyən vaxtdan sonra o bu işə qayıda bilər, nəyisə əlavə edə, dəyişdirə bilər. Axı yaradıcılıq – bir prosesdir.

Bu barədə sizin fikrinizi, təcrübənizi də öyrənmək istərdik. Şərhlərinizi bloqda və yaxud Facebook səhifəmizdə yaza bilərsiniz.