Rəsmə,
sənət kurslarına gedən uşaqların yanlarında müəllim, əllərində eyni cür rəsm və ya başqa sənət əsəri olan fotolarını görəndə özümə sual verirəm – görəsən bu
uşaqlar belə məşğələlərdən nə qazanır? Çox güman ki müəllim, sanki trafaretlə çəkilmiş
bu şəkillərin originalını qabaqlarına qoyub, hər uşağın əlindən tutub, və ya elə
özü şəkilin bir hissəsini çəkib. Nəticədə daim inkişafda olan, öyrənən uşaq beyni
nə mənimsəyib? Onu ki, gözəl şeyləri “kopiya” etmək, başqalarının əli ilə
yaratmaq olar, və ya, əvvəldən axıra kimi özünün gördüyü iş “standarta” uyğun
deyil, kifayət qədər gözəl deyil? Və yaxud da ki, başqalarından seçilmək olmaz,
hamının işi eyni olmalıdır? Bəlkə də, onu ki, əsas müəllim və ya ana-ataya göstərməyə
gözəl bir “məhsul” olsun, başqaların onu bəyənsin?
Əslində
isə uşaqların sənətlə məşğul olmasında məqsədlər tamam fərqlidir. Bunlar,
fantaziyanın inkişafı, yaradıcı düşünmə qabiliyyəti, özünü ifadə, birlikdə işləmək, yaratmaq bacarıqları və sairədir. Sənət uşaqlara
müstəqil düşünmək, qeyri-standart yanaşmaq, işini planlaşdırmağı öyrədir, motorikanı inkişaf etdirir. Müəllimin
birbaşa müdaxiləsi, göstərişi altında standart “sənət” işləri yaradılan dərslərdə
bunlara nail olmaq mümkündürmü? Bəlkə də ona görə,orta məktəbi bitirənlərin əksəriyyətində
sadə rəsm bacarıqları olmur.
Küləkli havada ailəmiz gəzintidə. M. 5 yaş |
Reggio
yanaşmasına görə, uşaq sənətində əsas nəticə, məhsul deyil, yaradıcı prosesdir.Bu
prosesdə uşaq nə çəkəcəyini, yaradacağını özü düşünür, xəyal edir, sonra əlində
olan materiallardan necə istifadə edəcəyini fikirləşir, rəngləri, formaları,
olçüləri, rəsmin kağızda yerini özü seçir, bir sözlə, sənət vasitəsilə öz “hekayəsini”
danışır. Kiminsə əsərini “kopiya” eləməklə bunun fərqini görürsünüzmü?
Məhz
buna görə, biz boyama kitablarından da istifadə etmirik. Boyama kitabları uşağın
yaradıcılığı, fantaziyasının inkişafına yardım etmir, əksinə, onu “çərçivə”, bəlli
sərhədlər içində düşünməyə öyrəşdirir.
Əlbəttə,
hər bir valideyn üçün xoş olur ki, övladı dərsdən çıxıb ona “yaratdığı” kamil,
gözoxşayan bir rəsm əsərini bağışlasın. Amma düşünün: bu rəsmin ideyası nə dərəcədə
sizin uşağınıza aiddir? Bəs işlənməsi?
Uşaqlarda
lap erkəndən yaradıcılığı inkişaf etdirmək üçün ən-ənəvi rəsm dərslərinə, boyama
kitablarına ehtiyac yoxdur. İlham almaq üçün birlikdə sərgi salonlarına, muzeylərə
gedib, sənət albomlarına baxmaq olar. Əsas isə yaradıcılığa dəvət etmək, onun
üçün şərait yaratmaqdır. Uşağınızın qabağına ağ kağız, karandaş, boya,
flomaster və ya digər vəsait qoyun. İşinə qarışmadan, qoyun istədiyini kimi,
düşündüyü kimi əsər yaratsın. İşini yarımçıq qoyub, masadan ayrılan kimi
materialları yığışdırmayın. Qoyun o yaradıcıq guşəsində qalsın. Müəyyən vaxtdan
sonra o bu işə qayıda bilər, nəyisə əlavə edə, dəyişdirə bilər. Axı yaradıcılıq
– bir prosesdir.
Bu barədə sizin fikrinizi,
təcrübənizi də öyrənmək istərdik. Şərhlərinizi bloqda və yaxud Facebook səhifəmizdə
yaza bilərsiniz.
No comments:
Post a Comment