Səməni saxla məni,
İldə göyərdərəm səni...
Bəli, təbii ki, səmənini - novruzun ən əsas simvolunu, hər bahar bayramında göyərdirik. Bəs uşaqlarımız nə dərəcədə bu prosesə cəlb edilir və səməninin arxasındakı mənanı nə dərəcədə başa düşürlər? Burada bağçamızda keçirdiyimiz Səməni Elmi layihəsini sizinlə paylaşmaq istəyirəm...
Düşünürəm səməni göyərtmə prosesinin ardıcılığını xatırlatmaq yerinə düşər, deməli:
1. Buğda (1 səməni üçün təx 150q) qaba yerləşdirilib 24 saat ərzində suda isladılır
2. Suyu özünə çəkmiş buğda yuyulub süzgəçə yerləşdirilir və üzəri yaş parça ilə örtülüb 24 saat saxlanılır
3. Buğda yenidən yuyulub qaba yerləşdirilir və üstü yaş parça ilə örtülür (24 saat)
4. Cücərmiş buğdanın üstü açılır, günəşli yerdə yerləşdirilib, hər gün sulanır.
Səmənilərimiz gördüyünüz kimi əla alındı, lakin bununla kifayətlənməyərək əsl balaca alimlər kimi Səməni Elmini araşdırmağa başladıq!
İlk günlərdə yeni cücərmiş buğda dənələrini lupa altında izləyirdik və bununla paralel uşaqlara bitkilərin toxumlardan əmələ gəlməsi prosesini izah edirdik...
Sonra məntiqi olaraq çörək bişirmə prosesinin izah etmək qərarına gəldim, 3-5 yaşlılar üçün bunun əyləncəli yollarını axtararkən bir fransız internet resursu tapdım. Sağ olsun fransız qardaşlarımız məsələni əla strukturlaşdırıb uşaqlar üçün vəsait yaradıblar.
Beləliklə, əvvəlcə uşaqlara əkinçilikdən söz açdım, bunun üçün aşağıdakı şəkil üzərində prosesi izah elədim.
Sonra şəhərin bir çox gül dükanını gəzib nəhayət ki, birində sünbül tapıb uşaqlara göstərdim. Balaca araşdırmaçılar təbii ki, sünbülü sağ salamat qoymadılar, görsəydiniz necə maraqla sünbüldən buğdaları çıxarırdılar!
Buğdadan un alınma prosesini izah etmək üçün uşaqlara iki daş təqdim etdik, buğdaları əzərək onlarda cüzi də olsa un almağa müvəffəq oldular. Növbəti mərhələdə isə onlara "dəyirman" qismində qəhvə üyüdən cihazları təqdim etdik.
Uşaqların marağı dərsin səviyyəsinin göstəricisidirsə, bu dərsimizin səviyyəsi doğurdan da yüksək idi! Buğda, düyü, qarğıdalı, arpa, qarabaşaq, quş yemi əlimizin altında nə varıydısa, hamısı "dəyirmanımızda" üyüdülüb bizə müxtəlif rəngli və keyfiyyətli "un" verdi.
Yaxşı, bəs bu unlardan biz necə istifadə etdik? Təbii ki! Çörək bişirdik!
Əgər bizim layihəmizi bəyəndinizsə burada şərh qoymanızı xahiş edirəm, bu şərhləri bizim balaca araşdırmaçılarla paylaşmağıma söz verirəm :) Qarşıdan gələn Novruzumuz mübarək!
Novruz Mubarek, cox gozel post. Usaqlarda yaradiciliq hissi yaratmaq cox vacibdir.
ReplyDelete