Thursday, April 28, 2016

EKSKURSİYA: BİNƏ ATÇILIQ MƏRKƏZİ

Həyatını daim şəhərdə keçirən insan olaraq, təbiət üçün çox darıxırıq, və uşaqları da təbiətə yaxınlaşdırmaq üçün hər bir fürsətdən istifadə etməyə çalışırıq. Bakıda belə fürsətlərdən birini bizə botanika bağı verir. Burada tam olaraq şəhərin səs-küyündən, ağır havasından bir müddətlik ayrılmaq olur.  
Bu yaxınlarda  təbiətlə ünsiyyət üçün yeni bir imkan kəşf etdik.
Keçən həftə sonu yolumuz Binə Atçılıq Mərkəzinə (Elite Horse Club) düşdü. Bu məkan hava limanından bir qədər sonra yerləşir və aeroport yolu ilə ona çatmaq olur. Bakının mərkəzindən təxminən 30-40 dəqiqə ərzində ora çatdıq.
Mərkəz çox xoş, geniş və baxımlı bir məkanda yerləşir. Burada həm çox sayda atlar, həm də kiçik ponilər saxlanılır. Onları yedizdirmək və sığallamaq olur. Özümüzlə kök və alma götürmüşdük və uşaqlar onları atlara böyük həvəslə yedizdirdilər. Bundan başqa, uşaqlar üçün poni ilə gəzinti imkanı da vardır. Amma həftə sonları məktəbli turları və ümumiyyətlə gələnlərin sayı çox olduğundan, poni gəzintisini çox gözləməli olacaqsınız. İş günləri isə bunu rahat edə bilərsiniz.
Mərkəzdə həm də geniş uşaq meydançası vardır. Yelləncəklər, sürüşkənlər, qum və ot – uşaqlar üçün bundan yaxşısı nə ola bilər?

Acsanız , buradakı restoranda açıq havada nahar edə bilərsiniz. 

Və yaxud özünüzlə yemək gətirərək, piknik masalarından istifadə edə bilərsiniz. Mərkəzə giriş, uşaq meydançası, atları yedizdirmək  - pulsuzdur. Poni ilə gəzinti – 30 dəqiqəsi  15 manatdır. Daha böyük uşaqlar üçün atçılıq dərsləri imkanı da vardır. 

Bura gələndə, atlar üçün yerkökü və alma götürməyi unutmayın.
Şəhər uşaqları üçün açıq havada olmaq, təbiətlə ünsiyyət və heyvanları yaxından görmək, əl vurmaq baxımından, həmçinin ailə istirahəti üçün gözəl imkan. Binə Atçılıq Mərkəzinin uşaqlara mehriban olması: 5 bal

No comments:

Post a Comment