Sunday, May 31, 2015

Yay fəaliyyətləri. Təbii vəsaitlər. Budaqlar.

Növbəti təbii vəsaitimiz budaqlardır. Budaqları toplamaq üçün parklara və bağlara gəzintiyə çıxanda, ağacların qayğısına qalan bağbanları izləmək lazımdır :) Müəyyən bir vaxt ağacların köhnə budaqları kəsilən zaman, onları toplamaq olar. 
Budaqlardan ən balacalar üçün sadəcə boyalama fəaliyyəti təşkil etmək olar. Bunun üçün qalın və üstü hamar budaqlar daha uyğundur. 

Daha boyük uşaqlarla fəaliyyəti daha cəlb edici etmək üçün nazik budaqları seçib, onları kağız üzərinə ağ skoçla bərkitmək lazım olacaq. 

Bundan sonra iş fırça və boyanındır!
Növbəti sənət əsərlərimiz!

Yay fəaliyyətləri. Təbii vəsaitlər. Mərci.

Təbii vəsaitlərin uşaqların yaradıcılığında istifadəsindən daha öncə bəhs etmişdik. Bu silsilədən növbəti vəsaitimizi təqdim edirik. Buyurun, tanış olun, Mərci!

Mərci bir çox xüsusiyyətlərinə görə ən kiçik yaşdan başlayaraq (1-2 yaş) daha böyüklər üçün də (3-6 yaş) əvəzolunmaz vəsaitdir. Mərcinin istifadəsi uşaqların kiçik motor funksiyasını inkişaf etdirir (bu da bilavasitə beyinin inkişafı ilə bağlıdır, xüsusilə nitq zonalarının). Mərci eyni zamanda sensor vəsait kimi də qəbul edilir, onunla oynayarkən uşaqların barmaqlarının ucundakı sinir sonluqları qıcıqlanır və taktil hissiyyat inkişaf edir. Mərci həm də, ölçüsü, forması və rəngarəngliyi hesabına uşaqlar üçün xeyli cəlb edicidir.

Burada, mərcinin sənət əsəri yaranmasında necə istifadə edilə biləcəyinə dair bir misalı göstəririk.
Bunun üçün sizə bir tərəfi yapışqan olan şəffaf kağız, mərci və boyalar lazım olacaq. Şəffaf kağızı yapışqan tərəfi üstdə olmaqla yerə sərib üzərinə mərciləri səpələməyi uşağınıza təklif edin.

Sonra boya təklif edin, əgər uşağınız daha böyükdürsə ona müxtəlif boyaların qarışığı ilə yeni rənglər əmələ gətirməyi təklif edə bilərsiz. İndi isə mərcini boyalayırıq!
Uşaqlar bu fəaliyyətdən çox həzz aldı, və ən əsası bu onların hardasa 30 dəqiqəlik məşqul elədi :)

Bu da alınan Mərcili sənət əsərimiz!



Yay fəaliyyətləri. Sümbül fırçaları.

Ətrafımıza baxdıqda bir çox yerdə uşaqlarımız üçün təbii oyun və öyrənmə vəsaitləri tapa bilərik. Bəli indiki zamanda bu yerlər azalmaq üzərədir, lakin gözümüzü öyrəşdirsək, belə imkanların düşündüyümüzdən daha çox olduğunu görə bilərik.  Təbii vəsaitlər uşaqların təbiətlə təmasını artırmaq, onların zövqünü formalaşdırmaqla yanaşı, uşaqlara yaradıcılıq üçün qeyri-adi üsullardan istifadə imkanlarını kəşf etməkdə yardımcı olur. Digər sözlərlə, təbii vəsaitlər uşaqlarımıza incəsənətin yalnız kağız, fırça və boyadan ibarət olmamasını dərk etməyə imkan verir, dolayısıyla onların fantaziyasını inkişaf etdirir.


Sümbül fırçaları


Yayda şəhərdən kənara çıxmasaq da belə, park və bağlarda, asfaltlanmamış yol qıraqlarında vəhşi böyüyən sümbülləri görə bilərik. Bu sümbülləri toplayıb, onları kağız və boya ilə balacalarınıza təklif edin. Görün yaradıçılıq necə ortaya çıxacaq!



Yay fəaliyyətləri. Rəngli daşlar.

Nəhayət ki, yay gəldi! Balacalarımız məktəb və bağçalardan məzun olub tətilə buraxıldılar! Bu bir ana kimi təbii ki, bizə sevinc anları yaşaddı, amma eyni zamanda tətildə balacalarımız nə cür vaxt keçirəcək kimi suallar da öz yerini tapdı :) 

Təcrübəmdən uşaqları məşqul ermək üçün ən sadə və uğurlu fəaliyyətləri sizinlə burda paylaşıram, ümid edirəm işinizə yarayar!

Rəngli daşlar.
Əgər balacanız çox balacadırsa (1-2 yaş) onun üçün sadəcə iri hamar daşlar tapıb, fırça və boya təklif edin. Və buraxın yaradıcılıq özünü göstərsin :) 

Bir az böyüklər üçün tapşırığı çətinləşdirmək olar. Onlara daha xırda daşlar vermək olar (artıq ağzına aparmaq təhlükəsi olmadığı üçün). Bu daşları bildiyimiz göyərti süzənin içinə doldurub, üzərinə duru boya əlavə etməyi təklif edin (mən adətən ELC duru boyalardan istifadə edirəm, onlar həm toksik deyil həm də, ləkə paltarda buraxmır). 

Uşağınız ürəyi istədiyi rəngləri seçib, boyanı daşların üzərinə tökdükdən sonra, qabın qapağı bağlanmalı və daşlar göyərti kimi fırladılmalıdır. Bu da işin ən əyləncəli tərəfi olacaq :) 
Sonra qabı açıb yaratdıqları "sənət əsərlərini" çıxarıb qurutmaq lazım olacaq. Bu daşlar eyni zamanda dekor və ya hədiyyə üçün də istifadə oluna bilər, balacanızın əl işi təqdimatında təbii ki :)

Wednesday, May 27, 2015

Bananlı-Çiyələkli Dondurma

Dondurma xoşlamayan uşaq varmı? Yaş yarımlıq qızımın öyrəndiyi ilk sözlərdən biri "dondurma" idi, və o vaxtdan bəri ən çox istədiyi, hətta tələb etdiyi bir şeydir. Amma satılan dondurmaların tərkibini öyrənəndə, uşaqlara onu vermək heç ürəyimi açmır. Əlbəttə gəzəndə, kafedə və s. başqa seçim yoxdur, amma evdə öz dondurmamızı düzəldə bilərik.

Əsl dondurma hazırlamaq vaxtaparan proses olduğundan, daha sadə, tez hazırlanan və həm də dadlı dondurma reseptindən istifadə edirəm.

3-4 dəymiş banan və 2-3 xörək qaşığı qatığı blender ilə çalırıq. Sonra doğranmış çiləyək  və ya başqa mövsümi meyvələr əlavə edib, dondurma formalarına tökürük və bir gecəlik buzxanaya qoyuruq. Şəkər əlavə etmədik, çünki bizim üçün dondurma kifayət qədər şirin alınır. Uşaqlar bu prosesdə sizə köməkçi ola bilər: bananların dərisini soymaq, çiyələkləri yumaq, doğramaq (iti olmayan bıçaqla), və formalara doldurmaqda.


Dondurma yemək həm xoşbəxtlik hormonunu artırır, həm də boğaz ağrısı ehtimalını azaldır, ən azından bizim təcrübəmiz belədir;-)

Sunday, May 17, 2015

Balacalar üçün Montessori Məşğələləri

Ev şəraitində uşaqlar üçün lap balaca vaxtdan sadə Montessori çalışmalarını qurmaq mümkündür.  Belə çalışmalar üçün xüsusi avadanlıq və ya vəsait tələb olunmur. Onları aşağıdakı mövzular ətrafında təşkil etmək olar.

Praktiki həyat
Gündəlik həyatda gördüyümüz işlərdə uşaqların iştirakı, bunlara ev işləri və ya özünə qulluq aid ola bilər:
·         qab yumaq
·         toz almaq
·         paltarları paltaryuyan maşına yığmaq və çıxartmaq
·         gülləri sulamaq
·         kəsilmiş gülləri vazaya düzmək
·         şüşələri/güzgüləri silmək
·         portağal, limon şirəsini çəkmək
·         süfrəni düzəltmək
·         oyuncaqlarını yumaq
·         geyinmək
·         saç daramaq
·         dişləri fırçalamaq

Xırda motorika, göz-əl koordinasiyası, sensor
·         muncuqların ipə düzmək
·         qum ilə dolu olan qabda nisbətən iri daş, muncuq və ya noxudları tapmaq
·         pazllar
·         müxtəlif cür bağlanan cüzdanların (pul kisəsi) içində gizlədilmiş xırda əşyaları tapmaq
·         kiçik qıfılları açıb-bağlamaq
·         maqqaşla muncuq, pompon və s. bir qabdan başqa qaba yığmaq
·         iri qəpik pulları pul qutusuna salmaq

İri motorika
·         Yerə yapışdırılmış skotç lent üzrə gəzmək (dairəvi, pillə-pillə və s)
·         Pilləkan dırmaşmaq
·         Yoqa hərəkətlərini etmək
·         Pedalsız velosiped, skuter (samokat) sürmək
·         Tramplin və ya böyük top üzərində hoppanmaq
·         Rəqs etmək

Dil və riyaziyyat
·         Birlikdə kitab oxumaq
·         Mövzular üzrə qutular və ya səbətlərlə tanış olmaq: məsələn, dəniz mövzulu səbətdə balıqqulaqları, oyuncaq balıqlar və dəniz heyvanları ola bilər. Nəqliyyat mövzulu qutuda isə oyuncaq maşın, təyyarə, traktor, qatar və s.  Bunlara birlikdə baxıb adlarını çəkmək.
·         Kubiklər, bloklar, konstruktorlar: oxşar fiqurları ayri-ayri yığmaq, sortlaşdırmaq, qruplaşdırmaq və s.  

Sənət və yaradıcılıq
·         Boyamaq; boyaları qarışdırmaqla yeni rənglər almaq
·         Xəmir və ya plastilinlə oynamaq
·         Pipet  ilə boyaları salfet, başqa hopduram material üzərinə damcılamaq
·         Rəngli kağızları qayçı ilə doğramaq, yapışdırmaq
·         Toxuma sapları ilə yaradıcılıq

Montessori mövzusunda növbəti postda evinizi Montessori prinsiplərinə necə uyğunlaşdırmaq barədə yazacayıq.

Monday, May 11, 2015

Nə Üçün Pedalsız Velosiped? (Balance Bike)

Qızımı velosipedini sürərkən görəndə, çox adam  təəccüblənir: “Niyə belə velosiped?” Velosipedin pedalları yoxdur, və onu pedalları basa-basa deyil, ayaqları yerdə gəzdirə-gəzdirə sürürlər.
Çoxları belə velosipedin lap balaca uşaqlar üçün nəzərdə tutulduğunu düşünür. Amma bu belə deyil. Pedalsız balans velosipedlərin yalnız iki təkəri olur, və onlar uşaqlara balans saxlamağı öyrədir. Adi, iki təkərli velosipedi sürmək üçün hər şeydən əvvəl balans, tarazlıq saxlamağı öyrənmək lazımdır. Bunu bacarmasan, sürə də bilməzsən. Uşaqlar üçün nəzərdə tutulan pedallı 3-təkərli, və ya 4-təkərli velosipedləri sürəndə isə tarazlığı saxlamaq lazım olmur. Və nəticədə uşaqlar pedalları fırlatmağı öyrənir, tarazlıq saxlamağı isə yox.  Velosiped sürmək üçün isə həm pedalları firlatmaq (hansı ki daha asan işdir) və əsas isə, tarazlıq saxlamaq lazımdır.


Valideynlər üçün 3 və ya 4-təkərli velosipedlər daha təhlükəsiz görünür, onlara elə gəlir ki, yıxılmaq ehtimalı daha azdır. Amma belə velosipedlərdən sonra 2-təkərlini sürməyə başlamaq çox çətin olur.  
Pedalsız balans velosipedlərini sürəndən sonra 2 təkərli pedallı velosipedə minən uşaqlar artıq tarazlığı saxlamağı bacarır, və yalnız pedalları fırlatmağı öyrənir.

Gəzməyə gedəndə də bu cür velosipedləri özünlə aparmaq daha asandır – onlar daha yüngül olur. 3-təkərlilərdən fərqli olaraq, onları daha sürətlə sürmək olur, və manevr eləmək daha asandir. Uşaqlar belə velosipedləri sürməyi daha tez öyrənir və böyüklərin köməyinə ehtiyac olmur.

Tuesday, May 5, 2015

Duz ilə Yazı Təcrübəsi


Uşaqların 3, 4, hətta 5 yaşında oxumağa, yazmağa tələsdirməyin tərəfdarı deyiləm. Bunlardan daha vacib olan sərbəst və ya böyüklərin iştirakı ilə oyunlar, incəsənət işləri, kitab oxumaq, hərəkətli oyunlar və s.dir. Yazmaq və oxumağa isə hər uşaq vaxt gəldikdə hazır olacaq. Tədqiqatlar da bunu sübut edir (http://www.cam.ac.uk/research/discussion/school-starting-age-the-evidence)

Əslində əlləri, barmaqları yazmağa hazırlamaq üçün ən əla yol elə yaradıcılıqla məşğul olmaqdır: plastilin, fırça və ya barmaqlarla boyamaq, qayçı ilə kəsmək və xırda motorikanı inkişaf etdirən sensor oyunlar.

Bunlardan biri də duz və ya qum üzərində yazıdır. Bu yaxınlarda bunu dənədik. Sizə çox az material lazım olacaq: simi (tünd rəngli olsa daha yaxşıdır) və duz və ya açıq rəngli qum. Biz rəqəmlərdən başladığımız üçün, rəngli çubuqları da oyuna qatdıq.


M. düzdüyüm çubuqların sayını barmağı ilə duz üzərində yazırdı. Təəccüblü olsa da, bunu kağızda etdiyindən çox daha asanlıqla və səliqəli edirdi. Bir müddətdən sonra, şəkil çəkməyə keçdi. Hərfləri gələn dəfəyə saxladıq. Barmaq duza çox sürtülməkdən ağrıya bilər, ona görə bu məşğuliyyətin vaxtı qısa olmalıdır (10-15 dəqiqə).  

Montessori Yanaşması Nədir?

İtaliyan həkimi və müəllimi Maria Montessori uşaqları yaxından müşahidə edərkən belə nəticəyə gəlmişdir ki, onlara nəyisə öyrədəndə deyil, özləri dünyanı kəşf edəndə daha yaxşı öyrənirlər. Böyüklərin rolu isə uşaqların öyrənməsi üçün uyğun mühiti hazırlamaq və bu prosesə yardım etməkdir. Və bu zaman aparıcı rol böyüklərə deyil, məhz uşağa məxsusdur. 

Montessori metodu uşaqlara təbiətən xass olan yeni şeylər öyrənmək həvəsinə və onların müstəgilliyinə dəstəkləməkdən ibarətədir. Bu cür dəstək xüsusi materiallar və fəaliyyət növlərini təklif edən mühit yaratmaq deməkdir. Bu materiallardan və məşğuliyyətdən yararlanaraq uşaqlar özlərinə uyğun olan tempdə öyrənirlər. Nəticədə, onların özünə əminlik, daxili intizam, özünə dəyər və müsbət sosial davranış kimi cəhətləri inkişaf edir.

Montessori məktəblərində, klassik təhsil ocaqlarından fərqli olaraq, uşaqlar özləri nəsə edərək, toxunaraq, hiss edərək öyrənilər.  Burada sıra ilə düzülmüş partalar və onlarla üz-bə-üz yerləşən müəllim masası olmur. Montessori məktəblərində uşaqlar sinifdə hərəkət etmək, və mümkün olan fəaliyyətlə məşqul olmağa həvəsləndirilir. Onlar məşqul olmaq istədikləri materialları özləri seçir, onları masaya və ya xalçaya gətirir, materialları özləri üçün kəşf edir və beləliklə öyrənirlər. Biz özümüz də bilirik ki, nəisə özümüz çalışıb eləyəndə onu daha yaxşı başa düşür və yadda saxlayırıq, nəinki kimsə bizə bunu izah edəndə. Eləcə də uşaqlar: əlləri ilə toxunanda, araşdıranda, materiallar haqqında konkret təsəvvürlər əldə edirlər.

Montessori metodunun prinsipləri
  • Öyrənmənin mərkəzində uşaq durur (“Follow the Child”): məşğələlərin mərkəzində müəllimlərin dərs deməsi deyil, uşaqların öyrənməsi durur.
  • Praktiki təlim: öyrənilən obyektlərlə birbaşa təmas uşaqların daha yaxşı başa düşməsinə səbəb olur.
  • Daxili motivasiya: seçim azadlığı və müstəqil məşğələlər vasitəsilə hər bir uşağın öz daxili motivasiyası dəstəklənir. 
  • Fərdi inkişaf diqqət mərkəzində: hər bir uşaq öz öyrənmə tempinə malikdir və bu tempə uyğun olaraq müəllimlər ona fərdi diqqət yetirir. 
  • Əməkdaşlıq və birgə işləmə: Uşaqlar birlikdə işləməyə və bir birinə hörmətlə yanaşmağa həvəsləndirilir.
  • Uşaq bir şəxsiyyət kimi: hər bir uşaq tam və dolğun insan varlığı kimi qəbul olunur və onların individuallığına hörmət edilir.
  • Azadlıq və intizam: uşaqlara verilən müstəgillik və seçim azadlığı və Montessori mühitindəki  nizam bir-birilə ziddiyyət təşkil etmir. Əksinə, bu cür nizamlı mühitə alışmış uşaqlar azadlıqda olarkən hər şeyi dağıtmaq əvəzinə, sakit və konsentrə olmuş tərzdə materiallardan istifadə edirlər və məşğuliyyətlərini başa çatdırırlar.