Sunday, November 15, 2015

Birlikdə Bişirək (+resept)

Mətbəx uşaqların ən sevdiyi yerlərdən biridir. Çox vaxt bizə elə gəlir ki, uşaqlar mətbəxdə bizə mane olur, və hətta orada olmaq onlar üçün təhlükəlidir. Amma Montessori yanaşmasına görə, uşaqlar lap balacalıqdan mətbəxdə kömək edə bilərlər. Bu onların bacarıq və vərdişlərini, özünə əminlik və faydalı iş görmək hisslərini artırır.
Ən sadə işlərdən başlayaraq, getdikcə mürəkkəbləşən tapşırıqları yerinə yetirə, hazırlıq, yemək bişirmə və təmizlik işlərində iştirak edə bilərlər. Təhlükəsizlik baxımından, uşaqları hər şeydən təcrid etmək yox, onlara təhlükəni izah etmək və alətlərdən düzgün istifadə etməyi göstərmək vacibdir.
Bəziləri “learning tower” adlanan, yıxılmaq ehtimalı az olan hündür taburetdən istifadə edirlər. Biz həmişə adi stul, və ya kiçik taburetlərdən istifadə etmişik. 

Uşaqlar mətbəxdə nə edə bilərlər?

1. Doğramaq – məsələn, salatı hazırlamağı onlara tapşırmaq olar.
2. Sürtgəc – alma, kök, pendir və s. sürtgəcdən keçirə bilərlər.
3. Qarışdırmaq - məsələn, salat, və ya xəmir və s. Qızlarımın ən sevdiyi işlərdən biri.
4. Qab yumaq
5. Qabları qurulamaq
6. Qabyuyanı boşaltmaq və doldurmaq
7. Xəmiri yoğurmaq
8. Xəmiri yaymaq və formalarla kəsmək – məsələn, qurabiyə üçün.
9. Süfrəni düzlətmək – qabları, çəngəl-qaşıqları, salfet və sətkanları düzmək.
10. Sitrus meyvələrinin şirəsini çəkmək – məsələn, salata qatmaq üçün limon suyunu sıxmaq.
2 yaşından yuxarı olanların istifadəsi üçün mətbəx alətləri
Biz birlikdə qurabiyə, kekslər (maffin), pizza bişirməyi xoşlayırıq. Uşaqların balaca keks formaları, qurabiyə kəsənləri , oxlovları, önlükləri var.  

Sevdiyimiz qurabiyə reseptimiz budur: 1 stəkan şəkər tozu, 200 qram kərə  yağı, 2 yumurta, 2 -2.5 stəkan un, 1 çay qaşığı qabartma tozu və ya soda. Yumşalmış yağla şəkər tozunu çalıb, yumurtanı əlavə edin.  2 stəkan unu qabartma tozu ilə yaxşı qarışdırıb, yağ, şəkər və yumurta qarışığına əlavə edin. Ehtiyac olarsa, bir az da un əlavə edin. Xəmiri yoğurub yayın, qurabiyə kəsənlərlə müxtəlif formalar kəsib, üstünü bəzəyə bilərsiniz – bu işləri mütləq uşaqlara həvalə edin:) 180 dərəcəli sobada 15-20 dəqiqə bişirin.



No comments:

Post a Comment