Sunday, November 29, 2015

Ekskursiya: Azərbaycan inciləri, ilbizlər və sairə...

Həftə sonları uşaqları incəsənətə, mədəniyyətə yaxınlaşdırmaq üçün muzeylərə, sərgilərə getməyə başlamışıq. Bu vaxta kimi bunu ailəcə etmirdik, çünki kiçik qızım hələ belə ziyarətlərdə mənalı iştirak etmək yaşına çatmamışdı. İndi isə onun artıq 2 yaşı oldu, və o da sənət işlərinə ilkin maraq göstərməyə başlayıb. Sizcə çox tezdir? Amma uşaqların estetik zövqü, gözəlliyə dəyər vermək, bu və ya digər rənglərə, musiqiyə üstünlük vermək vərdişləri daha da tez əmələ gelir. Kiçik vaxtlardan onlara gözəl, qeyri-adi mühitdə olmaq imkanını vermək vacibdir.

Getdiyimiz yerlərdən təəssüratlarımızı bloqun oxucuları ilə də bölüşmək istəyirik. Onu deyim ki, şəhərimizdə belə yerlərin sayı artıb və bəzilərində uşaqlar üçün xüsusi proqramlar təşkil olunur. Amma təəssüf ki, bəzi muzeylərimiz hələ də kiçikyaşlı uşaqların gəlməsini müsbət qarşılamır, və bunun üçün bir şərait də yaratmağa çalışmır. Belə muzeylər bir çox əşyalara əl vurmaq, nə isə qurmaq, yoxlamaq imkanını yaradan, ilk növbədə uşaqlar üçün cazibədar, interaktiv olmağa çalışan müasir muzey anlayışından uzaqdır.

Beləliklə, getdiyimiz muzeyləri uşaqlara qarşı nə dərəcədə "mehriban" (child-friendly) olduğunu 5 ballıq şkala ilə qiymətləndirəcəyik. Bu qiyməti isə uşaqlara maraqlı olan sərgi və ya obyektlərin olması, işçilərin uşaqlara münasibəti, uşaqlar üçün xüsusi məşğələlərin təklif olunması,  açıq məkanın (həyət və ya park) mövcudluğu, kafenin olması, uşaq arabası ilə girişin mümkünlüyü və s.-ni nəzərə alaraq verəcəyik.

Bu gün yolumuz H. Əliyev Mərkəzinə düşdü. Mərkəzdəki sərgilər bir yana, təkcə Mərkəzin binasına baxmaq üçün oranı zirayət etməyə dəyər. Uşaqları  xüsusilə binanın futuristik quruluşu, hamar formaları və əyrilikləri, düm ağ rəngi  heyran edir.

Mərkəzdə bir neçə daimi və müvəqqəti sərgi vardır. Uşaqlarımızın yaşını nəzərə alaraq, bunlardan Azərbaycan İnciləri və Mini Azərbaycan sərgilərinə baxdıq.  Birinci sərgidə milli geyimlər və musiqi alətləri uşaqlar üçün daha maraqlı oldu. Hər bir milli musiqi alətinin qarşısında durduqda, onun səsləndirdiyi musiqi çalınmağa başlayır. Mini Azərbaycan sərgisi isə məşhur bina və başqa tikililərin maketləri, mini versiyalarından ibarətdir.  Böyük qızım gördüyü tikililərin Bakının harasında yerləşdiyini xatırlayıb tapmağa çalışıdı: Qız Qalası, Filarmoniya, Xalça Muzeyi, Nizami heykəli, Qala divarları, Yaşıl teatr və s. ona tanış gəldi.


Mərkəzin önündəki park Bakıdakı ən gözəl açıq məkanlardan biridir, və quruluşuna görə ən-ənəvi parklardan fərqlidir. Orada isə müxtəlif ölkələrdən olan rəssamların rənglədiyi ceyran fiqurları maraqlıdır. Sonda qızlar parkdakı iri ölçülü ilbis və dövşanlarla xeyli əyləncəli vaxt keçirdi...

Zaha Hadidi tənqid edənlər də çoxdur, amma onun inşa etdiyi binalar dünyanın seçilmiş şəhərlərindədir, baxmağa dəyər.

Yolunuz bura düşərsə, nəzərə alın ki, Mərkəzin kassaları nahar vaxtı bağlıdır, biletsiz isə içəri keçmək mümkün deyil. Uşaqlara mehriban olması: 4 bal. Muzey və sərgilər, park 5 bal, işçilərin "əl vurmaq olmaz"  münasibəti  -1 bal.

No comments:

Post a Comment