Qış gəlib,
uşaqların səbirsizliklə gözlədiyi qar hələ ki yağmasa da, onu özümüz “yarada”
bilərik. Hər bir mətbəxdə olan 2 inqrediyentdən istifadə edərək, qızımın 1-2 saat başı qarışıb oynadığı bir material əldə etdik.
6 stəkan un, 1 stəkan uşaqlar üçün massaj yağı (adi duru
bitki yağından da istifadə etmək olar), istəsəniz toz halında qida boyası və ya
zər (glitter).
Unu və yağı qarışdırın: un həm toz kimi tökülən, həm də əl ilə sıxıldıqda bir
az yapışan hala gəlməlidir. Ehtiyac
varsa, yağ əlavə edin və enli bir qaba
tökün (məsələn, sobaya qoyulan şüşə qablar və ya sini). Oyunun mövzusuna uyğun
olaraq, plastik heyvanlar, formalar, kiçik oyuncaq maşınlar (yük maşını,
traktor), təbii materiallar – qozalar, yarpaqlar, gilələr əlavə edə bilərsiniz. Oyun prosesinə müdaxilə etmirəm: uşaqlar oyununu öz təxəyyülünə uyğun qurur, özləri nağıllar düzüb-qoşur.
Biz
qar haqqında bir kitab oxuduq, və bir az soyuqda – qarda və istidə yaşayan
heyvanlar barədə danışdıq. Sonra uşaqları
“sehrli qar”la oynamağa dəvət edib, ayıları, maralları, canavarı, həmçinin yaşıl
zəri və uşaqların yığdığı təbii vəsaitləri oyuna qatdıq. Belə tip sensor oyunlar
kiçik motorika, təxəyyül və yaradıcılığın inkişafına kömək edir.
Oyun
bitəndən sonra cloud dough adlanan bu
materialı bağlı qabda soyuducuda uzun müddət saxlamaq olar. Onu da qeyd edim
ki, bu materialı yerdə xalçalar salınmış otaqlarda istifadə etmək məsləhət
deyil. İstər-istəməz o yerə töküləcək. Biz adətən mətbəxdə ondan istifadə edirik
və yığışdırmaq da çox çətin olmur.
No comments:
Post a Comment