Sunday, December 27, 2015

Hədiyyə Oyuncaq Seçərkən...

Bu yazını uşaqlara yeni il hədiyyələri seçənlərə kömək məqsədi ilə çoxdan yerləşdirmək istəyirdim. Amma qızımın ad günü, bayram hazırlıqları, və ilin sonu ilə bağlı çoxlu başqa görüləsi işlər vaxt qoymurdu. Gec də olsa nəhayət yazıram – yegən ki çoxunuz artıq yeni il hədiyyələrini almısınız. Amma bəlkə kiməsə gələcəkdə oyuncaq seçərkən faydalı olar.

Uşaqlarımıza batareya ilə işləyən, ya elektron oyuncaq almırıq. (Düzdü, bizim evdə bir neçə mahnı oxuyan yumşaq oyuncaq, düyməni basarkən səs edən oyuncaq var, amma bunları bizə hədiyyə ediblər, və necəsə evimizdə qaldı.) Soruşarsınız, niyə?

Batareya ilə işləyən oyuncaq uşaqdan heç nə tələb etmir, heç nə gözləmir, fantaziya üçün yer qoymur. Belə oyuncaqla passiv oynayırlar. Düyməni bas, özü bütün işi görəcək. Ona görə də uşaqların ona marağı çox tez itir. Axı onlar belə oyuncaqlarla neynəyə bilər, nə öyrənə bilər? Valideynlər şikayət edir ki, uşaqlar oyuncaqları sökür, sındırır. Bu tipli oyuncaqlarla başqa neynəmək olar? Uşaqların təbii marağı onların necə işlədiyini öyrənməyə sövq edir, oyuncaq sökülür, içi yarılır. Və tezliklə zibilə atılaraq, ərtaf mühiti korlayır.

Kiçik uşaqlar batareyalı oyuncaqların çıxartdığı xoşagəlməz səslər, gözağrıdan işıqlardan tez yorulur və hətta əsəbləşır. Adətən belə oyuncaq keyfiyyətsiz plastikdən hazırlanır. Onu ağızına aparan, iyi ilə nəfəs alan uşaqlar üçün təhlükə yaratdığı artıq sübut olunmuşdur.

Bəs hansı oyuncaqlara üstünlük vermək olar?
  • Təbii materiallardan düzəldilmiş: taxta və parçalardan. Belə oyuncaqlara əl vurmaq ləzzət verir. Keyfiyyətli plastik oyuncaqları da almaq olar, əgər oyuncağın özü maraqlıdırsa.
  • Təbii, sakit və zövqlü rənglərdə olan: zövq və estetik hissi uşaqlıqdan inkişaf etdirilməlidir.
  • Yaradıcılıq imkanı verən (open-ended): yəni, təkcə bir cürə istifadə olunmayan. Bunlara müxtəlif kubiklər, konstruktorlar və s. aiddir. Lego alırsınızsa, qayıq, maşın və s. düzəldilən dəst əvəzinə, sadəcə çoxlu müxtəlif Lego hissəcikləri olan bir qutu alın. Yəni uşaq qayığı və ya maşını bir dəfə düzəldib marağını itirir, amma çox saylı Lego hissəciklərindən öz fantaziyasına uyğun müxtəlif fiqurlar düzəldə bilər, və burada sonsuz variantlar mümkündür.
  • Müxtəlif yaşlı uşaqlar üçün maraqlı olan, onunla böyüyən oyuncaqlar, məsələn, barmağa taxılan kuklalar, matreşkalar və s.
  • Daha az alın, amma daha davamlı və daha keyfiyyətlisini seçin. Xırda, mənasız oyuncaqlara pulunuzu sərf etməkdənsə, daha az, amma uzun müddət istifadə olunan oyuncaqlar alın: yazı lövhəsi, balans velosipedi, tramplin və s.
  • Bir-birini tamamlayan oyuncaqlar,məsələn, qatar yolu artıq evinizdə varsa, ona əlavə qatarlar, körpülər və s. ala bilərsiniz. 
  • Təbiətdən gələn materiallar, gündəlik əşyalar əla oyuncaq ola bilər: qozalar, budaqlar, daşlar, yarpaqlar, ipək və ya pambıq parçalar və ya uzun şərflər, lentlər, toxuma sapları, yun, pambıq, karton qutular – bütün bunlar uşaqları yaradıcı yanaşmağa, öz oyunlarını özləri qurmağa, uşaqlar arasında ünsiyyətin yaradılmasına kömək edir.

Müasir dünyada böyüyən uşaqlar onsuz da çox tez texnologiya, elektronika ilə rastlaşırlar, və ondan asılılıq əmələ gəlir. Ən azından erkən yaşlarda bundan qaçmaq vacibdir.

Növbəti postda ən balacalar üçün sevdiyimiz oyuncaqlar barədə yazacayıq.

No comments:

Post a Comment