Thursday, April 28, 2016

EKSKURSİYA: BİNƏ ATÇILIQ MƏRKƏZİ

Həyatını daim şəhərdə keçirən insan olaraq, təbiət üçün çox darıxırıq, və uşaqları da təbiətə yaxınlaşdırmaq üçün hər bir fürsətdən istifadə etməyə çalışırıq. Bakıda belə fürsətlərdən birini bizə botanika bağı verir. Burada tam olaraq şəhərin səs-küyündən, ağır havasından bir müddətlik ayrılmaq olur.  
Bu yaxınlarda  təbiətlə ünsiyyət üçün yeni bir imkan kəşf etdik.
Keçən həftə sonu yolumuz Binə Atçılıq Mərkəzinə (Elite Horse Club) düşdü. Bu məkan hava limanından bir qədər sonra yerləşir və aeroport yolu ilə ona çatmaq olur. Bakının mərkəzindən təxminən 30-40 dəqiqə ərzində ora çatdıq.
Mərkəz çox xoş, geniş və baxımlı bir məkanda yerləşir. Burada həm çox sayda atlar, həm də kiçik ponilər saxlanılır. Onları yedizdirmək və sığallamaq olur. Özümüzlə kök və alma götürmüşdük və uşaqlar onları atlara böyük həvəslə yedizdirdilər. Bundan başqa, uşaqlar üçün poni ilə gəzinti imkanı da vardır. Amma həftə sonları məktəbli turları və ümumiyyətlə gələnlərin sayı çox olduğundan, poni gəzintisini çox gözləməli olacaqsınız. İş günləri isə bunu rahat edə bilərsiniz.
Mərkəzdə həm də geniş uşaq meydançası vardır. Yelləncəklər, sürüşkənlər, qum və ot – uşaqlar üçün bundan yaxşısı nə ola bilər?

Acsanız , buradakı restoranda açıq havada nahar edə bilərsiniz. 

Və yaxud özünüzlə yemək gətirərək, piknik masalarından istifadə edə bilərsiniz. Mərkəzə giriş, uşaq meydançası, atları yedizdirmək  - pulsuzdur. Poni ilə gəzinti – 30 dəqiqəsi  15 manatdır. Daha böyük uşaqlar üçün atçılıq dərsləri imkanı da vardır. 

Bura gələndə, atlar üçün yerkökü və alma götürməyi unutmayın.
Şəhər uşaqları üçün açıq havada olmaq, təbiətlə ünsiyyət və heyvanları yaxından görmək, əl vurmaq baxımından, həmçinin ailə istirahəti üçün gözəl imkan. Binə Atçılıq Mərkəzinin uşaqlara mehriban olması: 5 bal

Thursday, April 7, 2016

Evinizi necə Montessoriyə uyğun qurmaq olar?

Uşaqların erkən inkişafına Montessori yanaşması barədə daha öncə yazmışdıq (bu yazıları oxuya bilərsiniz). İndi isə evimizin, uşaq otağının Montessoriya uyğun qurulması barədə danışaq.

Fikrimcə, evimizi tamamilə Montessori sinif otağına çevirmək çətin işdir və bəlkə buna heç ehtiyac da yoxdur. Vacib odur ki, evdəki mühit Montessori yanaşmasının əsas prinsiplərinə uyğun olsun: ilk növbədə uşağı düşünərək ,onun üçün cəzbedici və nizamlı mühit yaratmaq,  müstəqillik üçün şərait yaratmaq, seçim vermək, uşağın şəxsiyyətinə hörmət və müstəqil qərar qəbul etməyi həvəsləndirmək. Bunları düşünərək, evinizə nəzər salın.

1. Uşaq mebeli: uşaqların ölçüsünə uyğun oturacaq və masa, həmçinin əlçatan rəflər, paltar dolabınız varmı? Böyüklərin köməyi olmadan yaradıcılıqla məşqul olmaq, oyun oynamaq, həmçinin qeyinmək və özünə qulluq üçün  şərait varmı? Mebel seçərkən təkcə ölçüsünü nəzərə almayın, neytral rənglər, sadə formalara üstünlük verin ki, uşağın məşğuliyyəti üçün sakit fon yaransın. 

2. Hər otaqda uşaq guşəsi:
Oyun otağında oxu guşəsi – burada balışlar və ya kürsü, lampa, kiçik kitab rəfi və ya səbət yerləşdirmək olar; yaradıcılıq guşəsi (bu barədə burada oxuyun), tikinti zonası – burada konstruktorlar, maşınlar qoymaq olar və s.
Yataq otağında  - paltar dolabı və rəflər uşağın boyuna uyğun olmalıdır ki, geyimini özü seçə bilsin.
Mətbəxdə - qabların və stəkanların əlçatan yerdə olması
Hamamda – diş fırçası və məcun, həmçinin çanağa əl çatmaq üçün kiçik taburetin olması
Dəhlizdə - üst paltarı və ayaqqabıları uşaqın əli çatan dolabda yerləşdirmək, həmçinin ayaqqabı təmizləyənin olması və s.

3. Bitki və ya ev heyvanlarına qulluq: hər evdə yəgin ki dibçək bitkiləri vardır. Onları elə yerləşdirin ki, uşaq onların qayğısına qala bilsin - sulaya, tozunu ala və s.

4. Daha az sayda amma daha keyfiyyətli oyuncaqlar: otaqda çoxlu oyuncaq varsa çox güman ki onların çox azı ilə oynayırlar. Oyuncaqların, pazlların bir qismini yığışdırıb, gizlədin. Hər 10-15 gün gizlətdiyiniz oyuncaqları çıxardın, digərlərini isə yığışdırın. Daha az oyuncaq daha çox marağa səbəb olacaq. Otaqda olan oyuncaqları böyük qutu və ya səbətdə qarışıq halda saxlamayın. Onları alçaq rəflərə səliqə ilə düzün ki, uşaqlar istədiyini seçib onunla oynaya bilsin.


Bizim uşaq otağımızda olan bəzi şeylər:

Divarlarda uşaqların əl işləri - onların yaradıcılığının əhəmiyyətli olmasını göstərir:

Əlçatan kitab rəfləri – yatandan əvvəl oxuduğumuz kitabları uşaqlar özləri seçir:

İri motorika üçün tramplin (batut) - enerjinin sərf olunması üçün:)


Tikinti zonası:

Sonda The Montessori Notebook bloqunun hazırladığı bir videonu paylaşmaq istəyirəm: kiçik bir mənzildə Montessori mühiti barədə http://www.themontessorinotebook.com/montessori-at-home-small-spaces/