Saturday, March 28, 2015

İybilmə oyunu

Dünyanı, ətraf mühiti öyrənmək prosesi uşaqlarda fasiləsiz gedir. Bu proses təkcə bizim onlara dediyimiz sözlər, izah etdiyimiz şeylər, suallarına verdiyimiz cavablarla deyil, onların özlərinin hissləri vasitəsilə baş verir. Görmə, eşitmə kimi mühüm hisslərlə bərabər, dadbilmə, iybilmə, və toxunma – taktil hisslər də çox əhəmiyyətlidir, və sözlərlə özünü hələ ifadə edə bilməyən uşaqlar üçün daha da vacibdir. Bu hissləri inkişaf etdirmək üçün müxtəlif dadlar, iylər hiss etməyə imkan yaratmaq, kiçik əllərə gil, qum, palçıq, yarmalarla oynayaraq taktil hissiyyatı oyatmaq – bütün bunlar sensor oyunlara aiddir.

Bu günlərdə iybilmə ilə bağlı belə bir oyun oynadıq. Gözümüzü növbəylə şərf ilə bağlayaraq, mətbəxdə tapdığımız müxtəlif ərzaqları burnumuza yaxınlaşdırdıq. Gözləri bağlı olan onları bir-bir iynəyib, nə olduğunu tapmalı idi. Biz kofe dənləri, keşniş, xiyar, mandarin və çaydan istifadə etdik və çox əyləndik:)
1.5 yaşlı qızım oyunda belə iştirak etdi: yığdığımız ərzaqları o da iynədi və adlarını eşitdi (balacaların xırda əşlayarı burun deşiklərinə aparmamasına diqqət yetirin). Daha böyük uşaqlarla ədviyyatdan da istifadə etmək olar, və bir yerdə müxtəlif ədviyyat adlarını öyrənmək olar. 

Friday, March 20, 2015

Bayram Yumurtaları

Bu gün nəhayət ki bayram yumurtalarımızı boyadıq. Kiçik olanda anam yumurtaları heç vaxt qida boyası ilə boyamazdı. Flomaster və ya boya verib bu işi bizə tapşırardı. Nəticə heç vaxt ideal,  çox səliqəli olmurdu, amma həmişə qeyri-adi və rəngarəng idi.

Əvvəlcə materiallarımızı yığdıq.  Qida boyasından yox,  adi quaş tipli boyadan istidafə etdik (poster paint, tempera və ya akvarel də olar). Nazik fırçalar, su, karandaşlar, və təbii ki bişmiş yumurtalar. 
Birinin üstündə M. arı çəkmək istədi :)
İkisi özü, ikisini isə mənim köməyimlə boyaladı. Sonra da birlikdə xonçamızıı yığdıq. Yumurtaların boyası quruyandan sonra onları da əlavə etdik (birinin boyası hələ nəm olduğuna görə onu sonradan qoyduq). Boyadığımız yumurtalar xonçaya başqa cür yaraşıq verdi :) 
Bayramınız mübarək!

Monday, March 16, 2015

Balacaların xırda motorikası

Xirda motorikanın əhəmiyyəti barədə yəgin ki, bilirsiniz. Xırda motorika – uşaqların əl, barmaq işləkliyidir, əl-göz arasında olan koordinasiyadır, və hətta ağız və dil əzələləri də xırda motorikaya malikdir. Xüsusilə əllərin motorikası dilin, nitqin inkişafı ilə bağlıdır.

Uşaqların motorikası əlbəttə yaşlarına uyğun şəkildə inkişaf edir. Amma lap balacalıqdan onu daha çox inkişaf etdirməyin faydası var. Bunu sensor məşğələlər yolu ilə eləmək olar. Körpələrin ovuclarını, barmaqlarını astaca massaj etməkdə, sığallamaqla. Bir qədər sonra, əllərinin içinə müxtəlif ölçülü, müxtəlif formalı və səthli əşyalar qoymaqla. İpək, kətan, məxmər kimi parçaları onlara toxundurmaq. Daha sonra, məsələn, 7-10 ayında klassik piramida oyuncağını yığmağı təklif etmək (təbii ki balaca hələ piramidanın halqalarını ölçülərinə görə yığa bilməyəcək). Əslində adi məişət əşyalarından da istifadə etmək olar: məsələn, ölçü qabları, plastik stəkanları iç-içə yığmaq.

Uşaq sərbəst oturmağa və maye olmayan yeməklər yeməyə başlayandan sonra isə qabağına xırda doğranmış meyvə, tərəvəz qoyun, özü götürüb ağzına aparmağı öyrənsin. Kiçik qızımın 1 yaşı nar mövsümünə düşmüşdü. O-o, ən çox sevdiyi meyvə nar oldu, hətta ilk sözlərindən biri “nayyy” idi:) Bilmirəm, narın dadını və ya yeyilmə prosesini belə çox xoşlayırdı. Nar dənələrini özü yığıb ağzına qoyurdu, sonra isə istədi ki, dənələnmiş yox, açılmış amma hələ qabığında olan nar parçasından dənələri özü çıxartsın. Motorika və diqqəti saxlamaq çalışması! Daha yumşaq ərzaqdan başlamaq məsləhətdir, məsələn xırda doğranmış banan, pendir və ya xiyar.

1.5 yaş və daha yuxarı uşaqlar üçün bişməmiş dənlər, yarmaları da dənəmək olar. Təbii ki yemək yox, oynamaq məqsədilə. Böyük plastik konteynere quru düyü, lobya, kofe dənləri, və ya noxud və s. tökülür. Xırda qablar, qıf, qaşıqlar əlavə edilir və uşaq fantaziyalarına uyğun oynayır! Bəzən uşaqlar onların dadına da baxmağa çalışacaq. Bir neçə dəfə bunların yeməli olmadığını izah etmək lazımdır. DİQQƏT: kiçik uşaqlar dənlər, başqa xırda şeylərlə oynayarkən daim onlara nəzarət edin. Ağzına və ya burun deşiklərinə aparmasına yol verməyin. Həmçinin, bu tipli məşğələlər istər-istəməz sonda süpürgə və ya tozsoranın işə salınmasını tələb edəcək:) Bu cür oyunlara 4 yaşlı qızım da həvəslə qoşulur.

Saturday, March 14, 2015

Yel Çərşənbəsi

Salam, bu həftə Yel Çərşənbəni qeyd elədik...Yel, hava, külək mövzüsunda Kabalakada uşaqlarla söhbət elədik. Külək nəyi tərpədə bilir, nəyi tərpədə bilmir? kimi suallara cavab axtardıq. Bu barədə olan fikirlərimizi bərkitmək üçün isə, yenidən eksperimetə əl atdıq!

Bir neçə müxtəlif çəkili əşya toplayaraq, onları üfürücü qarşısında bir masada yerləşdirdik, və üfürücünü işə saldıq! Bundan sonra baş verənlər uşaqlarımızın yaşına uyğun olaraq əsl əyləncəyə çevrildi :) Əvvəlcə biz təklif edənlərdən pambıq, kağız, süngər, lələk, şüşə, dəmir, taxta sınandı, sonra isə uşaqların əlinin altına düşən hər bir şey: şar, kukla, qoza, musiqi  alətləri, montessori silindrləri, saçlarımız və s. eksperimentdə iştirak elədi.

Bəs küləyin gücünü və istiqamətini necə ölçə bilərik? Bunun üçün xüsusi alət hazırlamalıyıq. Ingiliscə buna Windcatcher, hərfi tərcümə etsək Küləktutan deyillər. 

Onun hazırlanması üçün sizə:
  • Kağız boşqab
  • Rəngli lentlər
  • Qayçı (uşaq üçün)
  • Boya lazım olacaq. 
Hazırlanması çox asan. Kağız boşqabın yarısını kəsib boya ilə bəzəyirik, boya quruduqdan sonra onun orta hissəsində qayçı ucu ilə 4-5 deşik edib, içindən lentləri keçirib, bərkidirk. Bütün bunları 3-4 yaşlı uşaq böyüyün müşahidəsi ilə həyata keçirə bilər.


Küləktutanımız hazırdı, indi qaldı gəzintiyə çıxıb, onu sınamaq!

Od Çərşənbəsi

Keçən həftə Od çərşənbəni qeyd elədik...Od uşaqlar üçün çox cazibəli bir ünsürdü, deyilmi? Bunun ən bəsit sübutu ad günlərində tort şamlarını söndürəndə uşaqların göstərdiyi maraqdı. Od çərşənbəsi də əslində, bu marağı qidalandırmaq üçün əla bir fürsətdir! Bəs Odu uşaqlara hansı təhlükəsiz yolla izah edib, tanıtmaq olar? Elə həmin şamların köməyi ilə! Beləliklə biz, 3-4 yaşlı uşaqlarla Odu söndürmə yollarını açıqlayan eksperiment apardıq. Bunun üçün plastik sinidə plastelinin köməyi ilə şamları bərkitdik. Şamları yandırmaqdan əvvəl uşaqlardan onları necə söndürə bilərlər deyə, sual verdik. Cavab nə oldu sizcə? Təbii ki, üfürərək:) Buyurun üfürün!


Yaxşı, bəs yanğınsöndürənlər odu necə söndürür, təbii ki suyla! Gəlin, biz də sınayaq :)

Bəs şamı stəkanla örtsək, nə baş verəcək? O, sönəcək, ona görə ki, onun yanması üçün hava lazımdı! Havayla təmas kəsilən kimi şam sönür. 

Uşaqlardan hər biri özü üçün sevimli şam söndürmə üsulu seçdi və yorulmadan şamları yenidən yandırmağa tələb edib, onları dəfələrlə söndürürdülər :)

Od Çərşənbəniz mübarək!

Friday, March 13, 2015

Bahar gəlir!

Salam analar!

Necə də xoş bir təsadüf, bloqumuz tam zamanında yaranıb, baharın gəlişinə və Novruzun ərəfəsinə təsadüf etdi!


Novruz mənim üçün uşağlıqdan mövcud bayramlardan ən rəngarəngi, ən sevimlisi, ən marağlısı və ən əzizidir! Bizim ailədə bir çox ailələrdəki kimi bu ərəfədə ənənəvi təmizlik işləri, xüsusi "Novruz bazarlığı", səməni qoymaq, yumurta boyalamaq, xonça düzmək, şam yandırmaq, məhşur şirniyyatların bişirilməsi və əlbəttə ki, yeyilməsi:) tonqaldan hoppanmaq, papaq atmaq və doldurmaq, Novruza aid kitabları oxumaq (atamla birgə ənənvi olaraq), bayramda İçəri şəhərə gəzintiyə çıxmaq, qohumları ziyarət etmək biraz daha böyüdükdən sonra "qulaq falı" və s kimi işlər görülürdü.

Lakin böyüdükcə bunların əhəmiyyəti mənim üçün bir az azalmağa başladı, bir neçə Novruzu dal-badal xaricdə keçirdiyimə görə, çərşənbələri belə yalnız anam e-mailla xatırladandan sonra qeyd edirdim....

İndi isə, Novruzu və onun gətirdiyi rəngarəngliyi və şənliyi oğlum, qardaşımın qızları və digər balacaların vasitəsilə yenidən dərindən hiss etməyə başlamışam, və buna çox şadam!

Burada sizinlə Novruzun çərşənbələrini uşaqlarla necə maraqlı və mənalı keçirmək imkanlarını paylaşmaq istərdim.

Çərşənbələr


Mənim oğlum 3.5 yaşında olduğu üçün çərşənbələr mənim üçün həm də ona təqvim anlayışını çatdırmaq üçün əla bir fürsət idi. Bunun üçün mən rəngli qalın kağız üzərində həftə günlərinin adını çap etdim (hər günün öz rəngi olmaqla) və circle time zamanı oğluma və onun Kabalakadakı dostlarına bu kartları göstərərk adlarını çəkirdim. İngilis dilində bu cür kartları bu saytdan çapa vermək olar: http://www.mrprintables.com/days-of-the-week-months-of-the-year.html#

Növbəti mərhələdə 4 çərşənbə və onlar təmsil etdiyi 4 ünsür (Su, Od, Hava və Torpaq) təqdim olundu. Bunun üçün həmin ünsürlərin illüstrasiyası ilə kartlar hazırlandı (kartlar sözləri dəstəkləmək üçün çox rahat vasitədir) http://pdf.mrprintables.com/mrpfc06-Voca-earth-a4.pdf  Hərə özünə bir kart seçdi, biri dedi - mən Suyam, o biri dedi - mən Torpağam və s :)

Bundan əlavə 3 plastik qabda (biz köhnə düyü qablarından istifadə etdik)  ünsurların adları yazıldı və içlərində su, torpaq və hava (yani boş) ilə bu qablar uşaqlara təqdim olundu.
Bu qablar uşaqları çox marağlandırdı, uzun müddət onlara baxırdılar, sonra buraxıb, sonra yenə də yaxınlaşıb oynadırdılar. Marağı daha da artırmaq üçün biz bir parça torba götürüb onun içinə hər 3 ünsürlə əlaqəli əşyalar yerləşdirdik.
Uşaqlar əllərini torbaya salaraq ordan əşyanı çıxarıb onu Su, Torpaq və ya Havaya aid olduğunu tapmalı idi. Bir görsəydiniz necə maraqla oynayırdılar. İki həftə ərzində bu oyunu dəfələrlə oynamışıq!

Tuesday, March 10, 2015

Salam! Bloqumuza xoş gəlmisiniz.

Biz anayıq. Və ana olmaq həyatımızı tamamilə dəyişdirib. Bu vaxta qədər ağlımıza gəlməyən şeyləri düşünürük. İndiyə kimi heç eləmədiklərimizi edirik. Və onun bütün gözəlliyini hiss etməyə can atırıq. Hər gün, hər dəqiqə, hər an. Bu gözəlliyi paylaşdıqca həyatımız daha da gözəl olur.

Biz anayıq. Ana olmağın çətinliyini ana olandan əvvəl heç təsəvvür edə bilməzdik. Bir insan yetişdirmək məsuliyyəti! Bu çətinliyin öhdəsindən gəlməyin bir yolu bir-birimizdən öyrənmək, “şəbəkənin” bir hissəsi olmaq, paylaşmaqdır.
Biz inanırıq ki, uşaq anadan olduğu ilk andan bir şəxsiyyət kimi inkişaf etməyə başlayır. İlk ağlamağı, ilk gülməyi kiçik insanın unikallığını, özünəməxsus xasiyyət və təbiətə malik olduğunu bildirir.

Bu insana ilk andan qoyduğumuz zəhmət, həsr etdiyimiz zaman, səsimizin tonu, üzmüzün ifadəsi, hər şey, hər şey nə vaxtsa öz nəticəsini verəcək. İlk illər - ən əhəmiyyətli illərdir. Sonra nəyisə dəyişmək çox çətin olur!

Biz kimik?
Bakıda yaşayan analar. Uşaqlarımızın yaşı – 5-dən 1-ə kimi. Maraqlarımız - ən müxtəlif. Həmçinin gördüyümüz işlər, ixtisasımız və s.

Ana olmaqla bərabər, Kabalaka inkişaf mərkəzində çalışırıq. Bu bloqda həm də ordakı təcrübəmiz də öz yerini tapacaq.

Bu bloqu niyə başladıq?
Analıq, valideynlik təcrübəmizi bölüşmək üçün. Bu təcrübə kiminsə üçün faydalı ola bilər. Kimsə onu təkrar etmək istəyəcək. Kimsə ona uyğun olmadığını düşünəcək. Amma yenə də oxusa, maraq göstərsə bizim üçün yetər. Biz bildiklərimizi, öyrəndiklərimizi, oxuyub-gördüklərimizi paylaşmaq istəyirik. Hər gün yaşadıqlarımızı paylaşmaq istəyirik. Çünki özümüz də kiminsə paylaşmasından bəhrələnirik.
Bildiyimiz qədər, Azərbaycan dilində uşaq inkişafına həsr olunmuş birinci bloqdur. 

Nə yazacayıq?
Ana olmağa, erkən uşaq inkişafına, qidalanmaya, fiziki inkişafa,  və s. aid olan hər şey. Uşağınızla evdə (və ya bağçada, məktəbdə) məşğul olmaq üçün ideyalar.  Sadə və ucuz vəsaitlə nələr yarada bilərsiniz. Yaradıcılıq, inkişaf üçün kiçik layihələr. Tərbiyə fəlsəfəsi və sairə!

Nə gözləyirik?

Maraqlı anlarımızın gündəliyini.

Oxucularımız fəallığını.

Şəbəkənin böyüməsini.

Bizimlə həmfikir olan, ilk illərin ən qiymətli olmasına inananların sayının artmasını.