Tuesday, June 30, 2015

Sadə Yay Ləzzətləri

Yay -  tətil vaxtıdır, istirahət vaxtıdır. Həm də fikirlərimizin, qadağa və məhdudiyyətlərin tətili. Uşaqlar üçün bəzi sərhədləri aşmaq, sərbəst olmaq vaxtı. Nə demək istəyirəm? Bəlkə aşağıdakılardan aydın olar... YAŞ OLMAQ VAXTIDIR

“Ayaqlarını islatma!”, “paltarın yaş olar” sözlərini unutmaq. Uşaqlar su ilə oynamağı sevir. İndi olmazsa, onda nə vaxt? Bağdasınızsa, onlara şlanqla bir-birini yaş etmək,öz oyuncaqlarını yumaq, ağacları sulamaq, evdəsinizsə, su püskürdənlə güllərə su çiləmək,  sprey şüşəsinə su doldurub pəncərələri yumaq maraqlı olar.   


KİRLƏNMƏK, ƏLLƏRİ, AYAQLARI, PALTARLARI ÇİRK ETMƏK VAXTIDIR

İstədikləri qədər qum, palçıqla oynamaq. Yaydır, yuyulmuş paltarlar 10 dəqiqəyə quruyur:) Təzə paltarları isə xüsusi tədbirlər üçün saxlayın.


     AYAQYALIN GƏZMƏK VAXTIDIR 

Evdə, parkda, bağda və ya çimərlikdə - bu da sərbəst olmağın bir yoludur! Balaca ayaqlar qum,ot, torpaq, plitələr, su, taxta döşəməyə toxunaraq hissiyatını inkişaf etdirsin.

     DONDURMA YEMƏK VAXTIDIR 

Özünüz düzəldin və ya hazır alın – amma ağızda isitməyi tələb etməyin!:) Müxtəlif yay meyvələrini qarışdırıb donduraraq dadbilmə hisslərini zənginləşdirin.

MEYVƏLƏRİ AĞACDAN DƏRİB YEMƏK VAXTIDIR   

Şəhərdə böyüyən uşaqlar təbiət məhsullarının hardan gəldiyindən xəbərsiz ola bilər. Qoyun özləri meyvələri yığıb yesinlər.  Hansı ağacların, kolların hansı bar verdiyini öyrənəcəklər.


BOŞ QALIB, DARIXMAQ VAXTIDIR 

Uşaqlarda yaradıcılıq, fantaziya boş qalanda, darıxında inkişaf edir. Günün hər bir vaxtı üçün əyləncə və ya məşğələ planlaşdırmayın. Qoy darıxsınlar, görəcəksiniz ki, bir azdan özləri yeni oyunlar quracaq, özlərinə oyuncaqlar tapacaqlar. Bəlkə da sadəcə uzanıb xəyal quracaqlar?

No comments:

Post a Comment