Tuesday, August 2, 2016

Daş və güllərlə sadə fəaliyyətlər

Siz də bizim kimi daşlar və güllərin bol olduğu yerdə tətil edirsinizsə, bu sadə yay fəaliyyətini uşaqlarla asanlıqla qura bilərsiniz.
Birincisi, yol boyu (bunu çay və dəniz sahilində də etmək olar) gəzişərkən forma və rənglərinə görə maraqlı görünən daşları seçib topladıq.

İkincisi, bunları yuyaraq, bozumtul görünən daşların gözəl çalarlarını aşkar etdik.
Sonra qızlara daşları böyükdən balacaya sıra ilə düzməyi təklif etdim. Kiçik qızım üçün bu tapşırıq daha çətin oldu və bunu birlikdə etdik. Beləliklə riyaziyyatın təməllərini – müqayisə, kiçik – böyük, bərabər anlayışlarını əhatə etdik.
Daha sonra oxşar rəngi olan daşları qruplara ayırdıq. Onu da deyim ki, böyük qızım bu işi məndən daha yaxşı gördü.


Rəng qruplarını ayırdıqdan sonra, qızlara dedim: “Görəsən daşların rənginə uyğun gül, yarpaq və ya ot tapa bilərik?” Və yollandıq gül yığmağa. Bu da nəticə:


Sıralama,  qruplara ayırma, uyğunlaşdırma məktəbə qədər yaşlı uşaqlarda riyazi anlayışın əsaslarını qoyur, əşyaların həm oxşar, həm fərqli olduğunu, və müəyyən cəhətlərə görə qruplaşdırıla bildiyini öyrədir. Bu uşaqların daha düzənli düşünmək, qərar qəbul etmək,  bir iş üzərində konsentrə olmaq qabiliyyətini inkişaf etdirir.


Daşlarla olan fəaliyyətimiz həm də sensor inkişafa kömək edir: daşlara toxunaraq onların müxtəlif səthlərini hiss etmək (hamar, qabarıq, yastı, yumru, iti və s.), su dəydikdə bu səthlərin necə dəyişdiyini müşahidə etmək, görmə və rəngləri seçmək, güllərin köməyi ilə isə iybilmə və digər hisslərin işə düşməsi. 

Thursday, April 28, 2016

EKSKURSİYA: BİNƏ ATÇILIQ MƏRKƏZİ

Həyatını daim şəhərdə keçirən insan olaraq, təbiət üçün çox darıxırıq, və uşaqları da təbiətə yaxınlaşdırmaq üçün hər bir fürsətdən istifadə etməyə çalışırıq. Bakıda belə fürsətlərdən birini bizə botanika bağı verir. Burada tam olaraq şəhərin səs-küyündən, ağır havasından bir müddətlik ayrılmaq olur.  
Bu yaxınlarda  təbiətlə ünsiyyət üçün yeni bir imkan kəşf etdik.
Keçən həftə sonu yolumuz Binə Atçılıq Mərkəzinə (Elite Horse Club) düşdü. Bu məkan hava limanından bir qədər sonra yerləşir və aeroport yolu ilə ona çatmaq olur. Bakının mərkəzindən təxminən 30-40 dəqiqə ərzində ora çatdıq.
Mərkəz çox xoş, geniş və baxımlı bir məkanda yerləşir. Burada həm çox sayda atlar, həm də kiçik ponilər saxlanılır. Onları yedizdirmək və sığallamaq olur. Özümüzlə kök və alma götürmüşdük və uşaqlar onları atlara böyük həvəslə yedizdirdilər. Bundan başqa, uşaqlar üçün poni ilə gəzinti imkanı da vardır. Amma həftə sonları məktəbli turları və ümumiyyətlə gələnlərin sayı çox olduğundan, poni gəzintisini çox gözləməli olacaqsınız. İş günləri isə bunu rahat edə bilərsiniz.
Mərkəzdə həm də geniş uşaq meydançası vardır. Yelləncəklər, sürüşkənlər, qum və ot – uşaqlar üçün bundan yaxşısı nə ola bilər?

Acsanız , buradakı restoranda açıq havada nahar edə bilərsiniz. 

Və yaxud özünüzlə yemək gətirərək, piknik masalarından istifadə edə bilərsiniz. Mərkəzə giriş, uşaq meydançası, atları yedizdirmək  - pulsuzdur. Poni ilə gəzinti – 30 dəqiqəsi  15 manatdır. Daha böyük uşaqlar üçün atçılıq dərsləri imkanı da vardır. 

Bura gələndə, atlar üçün yerkökü və alma götürməyi unutmayın.
Şəhər uşaqları üçün açıq havada olmaq, təbiətlə ünsiyyət və heyvanları yaxından görmək, əl vurmaq baxımından, həmçinin ailə istirahəti üçün gözəl imkan. Binə Atçılıq Mərkəzinin uşaqlara mehriban olması: 5 bal

Thursday, April 7, 2016

Evinizi necə Montessoriyə uyğun qurmaq olar?

Uşaqların erkən inkişafına Montessori yanaşması barədə daha öncə yazmışdıq (bu yazıları oxuya bilərsiniz). İndi isə evimizin, uşaq otağının Montessoriya uyğun qurulması barədə danışaq.

Fikrimcə, evimizi tamamilə Montessori sinif otağına çevirmək çətin işdir və bəlkə buna heç ehtiyac da yoxdur. Vacib odur ki, evdəki mühit Montessori yanaşmasının əsas prinsiplərinə uyğun olsun: ilk növbədə uşağı düşünərək ,onun üçün cəzbedici və nizamlı mühit yaratmaq,  müstəqillik üçün şərait yaratmaq, seçim vermək, uşağın şəxsiyyətinə hörmət və müstəqil qərar qəbul etməyi həvəsləndirmək. Bunları düşünərək, evinizə nəzər salın.

1. Uşaq mebeli: uşaqların ölçüsünə uyğun oturacaq və masa, həmçinin əlçatan rəflər, paltar dolabınız varmı? Böyüklərin köməyi olmadan yaradıcılıqla məşqul olmaq, oyun oynamaq, həmçinin qeyinmək və özünə qulluq üçün  şərait varmı? Mebel seçərkən təkcə ölçüsünü nəzərə almayın, neytral rənglər, sadə formalara üstünlük verin ki, uşağın məşğuliyyəti üçün sakit fon yaransın. 

2. Hər otaqda uşaq guşəsi:
Oyun otağında oxu guşəsi – burada balışlar və ya kürsü, lampa, kiçik kitab rəfi və ya səbət yerləşdirmək olar; yaradıcılıq guşəsi (bu barədə burada oxuyun), tikinti zonası – burada konstruktorlar, maşınlar qoymaq olar və s.
Yataq otağında  - paltar dolabı və rəflər uşağın boyuna uyğun olmalıdır ki, geyimini özü seçə bilsin.
Mətbəxdə - qabların və stəkanların əlçatan yerdə olması
Hamamda – diş fırçası və məcun, həmçinin çanağa əl çatmaq üçün kiçik taburetin olması
Dəhlizdə - üst paltarı və ayaqqabıları uşaqın əli çatan dolabda yerləşdirmək, həmçinin ayaqqabı təmizləyənin olması və s.

3. Bitki və ya ev heyvanlarına qulluq: hər evdə yəgin ki dibçək bitkiləri vardır. Onları elə yerləşdirin ki, uşaq onların qayğısına qala bilsin - sulaya, tozunu ala və s.

4. Daha az sayda amma daha keyfiyyətli oyuncaqlar: otaqda çoxlu oyuncaq varsa çox güman ki onların çox azı ilə oynayırlar. Oyuncaqların, pazlların bir qismini yığışdırıb, gizlədin. Hər 10-15 gün gizlətdiyiniz oyuncaqları çıxardın, digərlərini isə yığışdırın. Daha az oyuncaq daha çox marağa səbəb olacaq. Otaqda olan oyuncaqları böyük qutu və ya səbətdə qarışıq halda saxlamayın. Onları alçaq rəflərə səliqə ilə düzün ki, uşaqlar istədiyini seçib onunla oynaya bilsin.


Bizim uşaq otağımızda olan bəzi şeylər:

Divarlarda uşaqların əl işləri - onların yaradıcılığının əhəmiyyətli olmasını göstərir:

Əlçatan kitab rəfləri – yatandan əvvəl oxuduğumuz kitabları uşaqlar özləri seçir:

İri motorika üçün tramplin (batut) - enerjinin sərf olunması üçün:)


Tikinti zonası:

Sonda The Montessori Notebook bloqunun hazırladığı bir videonu paylaşmaq istəyirəm: kiçik bir mənzildə Montessori mühiti barədə http://www.themontessorinotebook.com/montessori-at-home-small-spaces/  

Monday, March 21, 2016

21 Mart - Ümumdünya Daun Sindromu günü


21 Mart Ümumdünya Daun Sindromu günü kimi qeyd edilir. Bu gün dünyada Daun sindromu daşıyıcılarla həmrəylik nümaiş etdirməklə keçirilir.  Əsas məqsəd - əlavə xromosom sahibi olan Daun sindromlu insanların sadəcə fərqli olmaqlarını çatdırmaqdır. Bu mesajı çatdırmaq üçün insanlar fərqli alabəzək  corab geyinərək diqqət cəlb edirlər və onların bu halına təcüblənənlərə Daun sindromu haqqında məlumat verirlər.



 Bu poster uşaqlarda Daun sindromunun xüsusiyyətləri haqqında məlumat verir. Burada isə Vikipediya məqaləsi təqdim olunur:  https://az.wikipedia.org/wiki/Daun_sindromu

Friday, March 18, 2016

Bayram yumurtaları Part2

Öncəki yazımı oxumusuzsa və yumurta boyama texnikasını sınaqdan keçirmisizsə, bu postu davam olaraq uşaqlarla birgə keçirə biləcəyiniz novruz fəaliyyəti olaraq yerləşdirirəm. Təfərrüatı Bayram Yumurtaları postunda.


Burada eyni texnikadan istifadə edərək səhnədə 
UŞAQLAR!












Bayram yumurtaları

Botanik yumurtalar

Botanik yumurtaları hazırlamaq üçün lazım olanlar:
Keşniş
Şüyüd
Dağ keşnişi
digər göyərti və ya bağçadan dərilən otlar (bölümlü yarpaqlı otlara üstünlük verin)
Qırmızı soğan qabığı
Qırmızı kələm
Kapron corablar
Yumurta
Qazan
Nazik fırça




Yumurtaların üzərinə göyərtinin uc hissəsini qopardıb səliqəli yerləşdirilir (fırçadan istifadə edərək, çox nazik hissələrini düzəltmək olur). Bundan sonra yumurtalar kapron coraba bürüdülür.





Bütün yumurtalar hazır olandan sonra onları qırmızı soğan qabığı və ya qırmızı kələmlə  və suyla dolu qazana yerləşdirib qaynadılır.



Boyanın yumurta üzərinə bərabər yayılması üçün qazanın tərkibini arada qarışdırmaq məsləhətdir.



20 dəqiqə qaynadıqdan sonra yumurtaları çıxarıb üzərindəki corablardan azad etmək və göyərti qalıqlarından təmizləmək lazımdır.  Sonda yumurtalar daha da cazibəli etmək üçün onları azca bitki yağıyla sürtməklə onlara parıltı vermək məsləhətdir. Bu da nəticədə alınmış yumurtalar!




P.S. Bu il kələmlə eləməmişəm, ona görə keçən ilki şəkli qoyuram, qüsura baxmayın :) Qarşıdan gələn Novruzunuz mübarək!





Thursday, March 17, 2016

Uşaqlar üçün "Səməni Elmi"

Səməni ay Səməni,
Səməni saxla məni, 
İldə göyərdərəm səni...

Bəli, təbii ki, səmənini - novruzun ən əsas simvolunu, hər bahar bayramında göyərdirik. Bəs uşaqlarımız nə dərəcədə bu prosesə cəlb edilir və səməninin arxasındakı mənanı nə dərəcədə başa düşürlər? Burada bağçamızda keçirdiyimiz  Səməni Elmi layihəsini sizinlə paylaşmaq istəyirəm...

Düşünürəm səməni göyərtmə prosesinin  ardıcılığını xatırlatmaq yerinə düşər, deməli:
1. Buğda (1 səməni üçün təx 150q) qaba yerləşdirilib 24 saat ərzində suda isladılır
2. Suyu özünə çəkmiş buğda yuyulub süzgəçə yerləşdirilir və üzəri yaş parça ilə örtülüb 24 saat saxlanılır
3. Buğda yenidən yuyulub qaba yerləşdirilir və üstü yaş parça ilə örtülür (24 saat)
4. Cücərmiş buğdanın üstü açılır, günəşli yerdə yerləşdirilib, hər gün sulanır.


Səmənilərimiz gördüyünüz kimi əla alındı, lakin bununla kifayətlənməyərək əsl balaca alimlər kimi Səməni Elmini araşdırmağa başladıq!
İlk günlərdə yeni cücərmiş buğda dənələrini lupa altında izləyirdik və bununla paralel uşaqlara bitkilərin toxumlardan əmələ gəlməsi prosesini izah edirdik...


Sonra məntiqi olaraq çörək bişirmə prosesinin izah etmək qərarına gəldim, 3-5 yaşlılar üçün bunun əyləncəli yollarını axtararkən bir fransız internet resursu  tapdım.  Sağ olsun fransız qardaşlarımız məsələni əla strukturlaşdırıb uşaqlar üçün vəsait yaradıblar. 
Beləliklə, əvvəlcə  uşaqlara əkinçilikdən söz açdım, bunun üçün aşağıdakı şəkil üzərində prosesi izah elədim.
Sonra şəhərin bir çox gül dükanını gəzib nəhayət ki, birində sünbül tapıb uşaqlara göstərdim. Balaca araşdırmaçılar təbii ki, sünbülü sağ salamat qoymadılar, görsəydiniz necə maraqla sünbüldən buğdaları çıxarırdılar!



Buğdadan un alınma prosesini izah etmək üçün uşaqlara iki daş təqdim etdik, buğdaları əzərək onlarda cüzi də olsa un almağa müvəffəq oldular. Növbəti mərhələdə isə onlara "dəyirman" qismində qəhvə üyüdən cihazları təqdim etdik.




Uşaqların marağı dərsin səviyyəsinin göstəricisidirsə, bu dərsimizin səviyyəsi doğurdan da yüksək idi! Buğda, düyü, qarğıdalı, arpa, qarabaşaq, quş yemi əlimizin altında nə varıydısa, hamısı "dəyirmanımızda" üyüdülüb bizə müxtəlif rəngli və keyfiyyətli "un" verdi.
Yaxşı, bəs bu unlardan biz necə istifadə etdik? Təbii ki! Çörək bişirdik!

Əgər bizim layihəmizi bəyəndinizsə burada şərh qoymanızı xahiş edirəm, bu şərhləri bizim balaca araşdırmaçılarla paylaşmağıma söz verirəm :) Qarşıdan gələn Novruzumuz mübarək!